Metroda istifadə zamanı bəzi sərnişinlər müəyyən edilən qaydalara əməl etmirlər. Buna görə hətta İnzibati Xətalar Məcəlləsində müəyyən cərimələr öz əksini tapıb.
Azərbaycanda metrodan istifadə qaydalarının pozulmasına görə cərimələr artırılır. Bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.Məcəlləyə nəzərdə tutulan dəyişikliyə görə, eskalatordan sürahinin üstünə əşya qoymağa görə cərimə 15 manatdan 20 manata qədər artırılacaq. Stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılan yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə cərimə isə 10 manatdan 15 manata qaldırılır.
Maraqlıdır, başa çatmaqda olan il ərzində metropolitendən istifadə zamanı qayda pozuntusuna görə neçə sərnişin cərimələnib və daha çox hansı qaydalar pozulub? “Bakı Metrosu” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına bu haqda informasiya vermək hüququnun olmadığını qeyd edib: “İnzibati xətaya görə sərnişini cərimələmək hüquq-mühafizə orqanlarının işidir. Metropoliten bu məsələyə cavabdeh deyil”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab verilməyib.
Gülşən RAUFQIZI