Modern.az

Vergi və reketlik İŞİD-ə neftdən çox qazanc gətirir - İDDİA

Vergi və reketlik İŞİD-ə neftdən çox qazanc gətirir - İDDİA

15 Dekabr 2015, 12:10


Böyük Britaniyanın “Financial Times” qəzeti İraq-Şam İslam Dövlətinin (İŞİD) gəlir mənbələri barədə araşdırma aparıb. Modern.az saytı xəbər verir ki, qəzetin əməkdaşlarının apardıqları araşdırma İŞİD-in qanunsuz neft satışları ilə yanaşı, reketlik və vergi toplamaq yolu ilə də xeyli gəlir əldə etdiyini müəyyən edib.

Terror qruplaşması banklara, hərbi bazalara və keçmiş məmurların evinə etdikləri hücumlar zamanı ələ keçirdikləri əşyaları bazarda satışa çıxarır. Reketlikdə iştirak edən İŞİD-çilərə talan edilən əmlakın 5-dən 1 hissəsi qalır. Digər İŞİD üzvləri isə satılan malları yarı qiymətə almaq hüququna malik olurlar.

“Finaciasl Times”in məlumatına görə, ticarət axınlarına nəzarət İŞİD-in varlanması üçün daha bir yoldur. Hər gün tikinti materialı, meyvə-tərəvəz və digər məhsullarla dolu 600-ə qədər yük maşını Türkiyə-Suriya sərhədində dayanır. Həmin maşınlar Əsəd qüvvələrinin nəzarət etdiyi əraziyə daxil olmaqdan yayınırlar və İŞİD-lə ticarət etməyə üstünlük verirlər. İraq hökumətinin nəzarətində olan ərazidən də xeyli yük maşını bölgəyə daxil olur.

Nəticədə, təkcə gömrük rüsumu toplamaqla İŞİD hər il büdcəsini 140 milyon dollar zənginləşdirir.

Qruplaşmanın nəzarətində olan ərazilərdə mütləq qaydada zəkat - kasıbların xeyrinə toplanan vergi tətbiq olunur. Zəkat vergisi varlı vətəndaş və biznesmenlərin kapitalının 2,5 faizi, məhsullarının isə 5-10 faizi həcmində tutulur. İraqlı məmurlar isə hər ay maaşlarının 10-50 faizini qruplaşmaya ödəyir. Məlumata görə, İŞİD-in tutduğu ərazilərdə 400 mindən artıq iraqlı məmur hələ də rəsmi Bağdaddan əmək haqqı alır.

“Financial Times”in məlumatına görə, bütün bunlar “İslam dövləti”nin mövqelərinə endirilən hava zərbələrini qeyri-effektiv edir.

Amerika maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Adam Zubin sonuncu çıxış zamanı İŞİD-in qanunsuz neft satışından ayda 40 milyon dollar qazandığını deyib. Maraqlıdır ki, terrorçuların əsas neft alıcıları Bəşər Əsəd rejiminin nümayəndələri olub.

Vüqar İsmayılov    

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi