CBC telekanalı Azərbaycan mədəniyyətinin təbliğinə və mədəni hadisələrin işıqlandırılmasına görə mükafata layiq görülüb. Mükafatı mədəniyyət və turizm nazirliyinin mədəniyyətşunaslıq elmi metodik mərkəzi təqdim edib.
“Mədəniyyətimizin təbliğində informasiya amili” mövzusunda keçirilən tədbirdə mərkəzin rəhbəri Asif Usubəliyev mədəniyyətin dünyada tanıdılması, Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi incilərin təbliğində medianın, xüsusilə televiziyaların rolunu əvəzsiz adlandırıb.
O, CBC telekanalına milli mədəniyyətin təbliğinə özünəməxsus yanaşma sərgilədiyinə görə təşəkkür edib.
Tədbirdə qeyd olunub ki, işğalçı Ermənistanın Azərbaycan mədəniyyət nümunələrini, tarixi abidələrini mənimsəməsi halları günbəgün çoxalır. Bu məkrli siyasətin ifşa edilməsi, Azərbaycan reallıqlarının bir neçə dildə dünyaya yayılması dövlətin bu sahədə apardığı siyasətə böyük dəstəkdir. Bu baxımdan, Asif Usubəliyev CBC kanalının gələcəkdə daha böyük uğurlara imza atacağına əminliyini bildirib.
Modern.az