Mətbuatda Zaqatala meşələrinin qırılmasına eyham vuran yazıdan dərhal sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən və qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət yaradılmış komissiyanın işində iştirak edən Eko-renesans QHT-nin rəhbəri İrşad Abbasov araşdırmaların ilkin nəticələri barədə Modern.az saytına açıqlama verib:
“Araşdırmalara pomidor yeşiklərinin Göyçay rayonundakı taxta sexlərində hazırlanması və ağac materialının Zaqatala meşələrindən gətirilməsi barədə məlumatın yoxlanılması ilə başlanılıb. Yazıda adı hallandırılan, Göyçaydakı Şamil Abdullayev adlı şəxsə məxsus taxta sexinin aşkarlanması istiqamətində iş aparılıb və müəyyən edilib ki, həmin şəxs tərəfindən 2012-ci il noyabrın 17-dən 01 aprel 2017-ci il tarixədək VÖEN-in dayandırılması (sexin fəaliyyətinin dayandırılması) barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinə müraciət olunub və onun müraciəti təmin edilib. Müraciət ərizəsinin surəti Ərazi Vergilər idarəsindən götürülərək işə əlavə olunub. Müəssisənin ərazisinə keçirilən baxış zamanı sözügedən sexin hazırda fəaliyyət göstərmədiyi vizual olaraq aşkarlanıb və sexin sahibi Şamil Abdullayevdən izahat alınıb.O, izahatında bildirib ki, 2012-ci ilin noyabr ayından fəaliyyət göstərməyib və işlədiyi müddətdə taxta yeşiklər üçün materialları yalnız vətəndaşların pay torpaqlarında olan qovaq ağaclarından əldə edib, Abşeron rayonunun Masazır qəsəbəsindəki istixanaya isə yeşik verməyib. Onu da qeyd edim ki, araşdırma zamanı müfəttişlər Ş.Abdullayevin qanunsuz fəaliyyət göstərməsi istiqamətində dəlillər axtarsalar da, onun qanundankənar fəaliyyətini sübut edən fakt aşkar etməyiblər. Hətta Ş.Abdullayevə məxsus sexin həqiqətən fəaliyyət göstərmədiyini dəqiqləşdirmək məqsədilə əlavə mənbələrdən alınan məlumatlarda da sexin fəaliyyət göstərmədiyi təsdiqlənib.
Belə ki, Göyçay rayon Məlikkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən arayış və sexin ətrafında yaşayan Seymur Hacıyev, Abdulazaq Salahov, Çingiz Mehdiyev, Namiq Bəşirovdan sexin işləməməsi barədə izahatlar alınıb və bu sənədlər araşdırma materiallarına əlavə edilib. Eyni zamanda Göyçay rayonunun Cəyirli, Çayarxı kəndlərində və Göyçay şəhərində fəaliyyət göstərən 9 taxta sexinə baxış keçirilib və yalnız Göyçay rayon sakini Samir Mustafayevə məxsus sexdə qanunsuz 0.91 kubmetr həcmində qovaq cinsli agacdan hazırlanmış 500 ədəd taxta yeşiyin olduğu aşkar edilib. S.Mustafayev izahatında yeşiklərin pay torpaqlarında kəsilən qovaq ağaclarından düzəltdiyini qeyd etsə də, təsdiqedici sənədləri təqdim etmədiyinə görə Nazirliyin əməkdaşları tərəfindən akt tərtib olunub. Təsdiqedici sənədlər təqdim etmədiyi təqdirdə həmin şəxsə cərimə tətbiq olunacaq. Komissiya tərəfindən zonadakı bütün taxta sexləri nəzarətə götürülüb.
Taxta sexlərinin sahibləri ilə aparılan söhbətlərin, iqtisadi və sənaye əhəmiyyətliliyi baxımından məntiqi araşdırmaların nəticəsi, ekspertlərin və komissiyanın rəyi onu deməyə əsas verir ki, kiminsə, o cümlədən də hər hansı yüksək vəzifəli, təsir imkanları geniş olan şəxsin Masazır qəsəbəsindəki istixanaya pomidor tədarükü üçün Göyçaydan taxta yeşikləri gətirməsi kommersiya baxımından sərfəli deyil. Geniş təsir dairəsinə malik şəxsə tutduğu mövqe imkan verib ki, Bakı şəhərində əldə edilməsi daha asan və qiymətinə görə iqtisadi baxımdan sərfəli olan, müasir tipli plastik, karton yeşiklərdən, hətta Rusiyadan gətirilmiş daha keyfiyyətli taxta yeşiklərdən istixana məhsulunun qablaşdırılmasında istifadə etsin. Çünki anbarlaşmada və daşımada daha əlverişli olan, ucuz qiymətə başa gələn plastik, karton yeşiklər Bakıda istehsal edilir və Rusiyadan hazır yeşik taxtası kimi idxal olunan materiallar da məhz paytaxta gətirilir, sonradan rayonlara paylanır ki, bu yüksək vəzifəli şəxs üçün belə ucuz və keyfiyyətli yeşiklərlə öz istixanasını ödənişsiz təmin etmək sadə bir göstərişlə həll edilə bilərdi.
Məlumat üçün deyim ki, 2014-2015-ci illər ərzində Azərbaycan kimi kiçik bir ölkəyə xaricdən 375 milyon 570 min manat dəyərində xam taxta və taxta materialları (mebel istisna olmaqla) idxal olunub. O cümlədən 1 milyon 650 min manat dəyərində 1853 ton təkcə hazır yeşik taxtaları gətirilib. Bu da ölkədə istifadə olunan illik taxta materialların və yeşik ehtiyacının təxminən 90 faizdən çox hissəsini təşkil edir. Belə olan halda mətbuatda Zaqatala meşələrinin başdan-başa yeşik taxtası üçün kəsilməsi barədə eyhamlar inandırıcı görünmür, çünki ölkəyə kifayət qədər idxal materialı daxil olub. Bunlara baxmayaraq komissiya araşdırmaları Zaqatala meşə mühafizəsi və bərpası müəssisəsində davam etdirir. Bütün ərazinin nəzərdən keçirilməsi texnoloji və metodoloji baxımdan bir neçə gün vaxt tələb edir.
Modern.az