Modern.az

Həbsdəki idmançı Azad Məmmədovun vəkili Ali Məhkəmənin plenumuna müraciət etdi

Həbsdəki idmançı Azad Məmmədovun vəkili Ali Məhkəmənin plenumuna müraciət etdi

15 Dekabr 2015, 21:16

13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qaydasız döyüş üzrə Avropa Çempionatının gümüş mükafatçısı, tanınmış idmançı Azad Məmmədovun vəkili Adəm Məmmədov Ali Məhkəmənin plenumuna müraciət edib.

Bu barədə Modern.az-a vəkil Adəm Məmmədov məlumat verib. Yeni açılmış hallar üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Kollegiyasının 1(103)-410/2010 saylı, 15.07.2010-cu il tarixli qərarı və Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-700/2010 saylı, 07.12.2010-cu il tarixli qərarına yenidən baxılması barədə Ali Məhkəməyə müraciət edən vəkil Adəm Məmmədov müdafiəçisi olduğu Azad Əsgər oğlu  Məmmədovun əleyhinə ifadə verən şahidlərin səmimi peşmançılıq keçirdiyini və buna görə cəzasına yenidən baxılmasını xahiş edib.

Vəkil hadisənin təfərrüatlarını belə izah edib: “Diqqətinizə çatdırıram ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinən Azad Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Müdafiə tərəfi olaraq hökmdən narazı qalaraq, apellyasiya və kassasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi ilə Ali Məhkəmə hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Bununla da həm birinci instansiya, həm apellyasiya, həm də kassasiya məhkəmələri işi tam, hərtərəfli və obyektiv araşdırmayaraq, kobud qanun pozuntusuna yol veriblər. Belə ki, baxış zamanı iş üxrə şahid qismində dindirilmiş Bəsdi Zahid qızı İsmayılova deyib ki, o, Sahibə Həsənovaya hissə-hissə verdiyi 6000 (altı min) dollar borcunu geri istəyərkən çirkin təkliflə üzləşib. O, Sahibənin pulunu geri qaytarması üçün Azadın üzünə durması tələbini məcburi yerinə yetirib. Buna görə də, ifadəsində Sahibəyə pulu verərkən Azadın yanında olduğunu və həmin pulun da guya elə Azada verdiyini görüb. Yəni Sahibə ondan və başqalarından borc götürdüyü pulları Azada verdiyini və Azaddan həmin pulu ala bilmədiyini ilkin izahatında yazıb”.

Vəkil qeyd edir ki, hazırda Bəsdi Zahid qızı İsmayılova bilə-bilə yalan ifadə verdiyinə görə səmimi peşmançılıq keçirir.

B.İsmayılova Ali Məhkəməyə ünvanlanmış izahatında göstərir:     

“Mən Sahibədən pullarımı tələb etdikdə o, mənə bidirdi ki, əgər pullarını geri almaq istəyirsənsə, Azad adlı bir nəfərin üzünə durmalıyam və deməliyəm ki, guya pulu “Memar Əcəmi” metrostansiyasının  yaxınlığında Sahibəyə verərkən Azad da orada olub və Sahibə mənim yanımda həmin pulu Azada verib. Mən əvvəlcə istintaqa və məhkəməyə yalan ifadə vermək istəmədim və onun bu tələbindən imtina etdim. Lakin sonradan Sahibə mənə bildirdi ki, pulumu almaq istəyirəmsə, mütləq onun dedilərini etməliyəm. Eyni zamanda o, məni əmin etdi ki, əgər Azadın üzünə dursam, vəkil olan oğlu Elçin və Daxili İşlər Nazirliyində işləyən qızı Ceyhunə mənə lazımi köməkliyi edəcəklər. Məndə məcbur qalıb onunla razılaşdım”.


Vəkil bildirib ki, şahid artıq 7 ildir ki, vicdan əzabı çəkdiyini deyir:

“O,Ali Məhkəməyə rəsmi müraciətdə yazıb ki, sanki Azad Əsgər oğlu Məmmədovla birlikdə həbs cəzası çəkir. O, əlavə edib ki, Sahibə Həsənovanın təkidi ilə, bilə-bilə yalan ifadə verib.Y əni Sahibəyə pulu verərkən onun yanında heç kim olmayıb və o, Azadı birinci dəfə məhkəmədə görüb. Bununla da tanımadığı Azad həbs olunub, pulları mənimsəyən Sahibə digər şahidləri də onun kimi məcbur edərək yalan ifadə verməsinə nail olub. Nəticədə isə  əsl təqsirkar  Sahibə Həsənova azadlıqdadır, günahsız Azad Məmmədov həbsdədir”.

Vəkilin Plenuma müraciətində əlavə edilən sənədlərdən də görünür ki, B.İsmayılova kimi digər şahidlər də ötən 7 ildə səmimi etiraflar ediblər. Digər şahid Gülxarə Zeynal qızı Səfərova da Ali Məhkəməyə müraciət edib. O da 2005-ci ilin sonlarında S.Həsənovaya borc verdiyini və sonradan  borcunun geri qaytarılması üçün ondan  Azad Məmmədov adlı  idmançının  üzünə durmağın  tələb edildiyini bildirib. Hansı ki, bu gün də pulunu geri ala bilməyib: “Sahibə  tələb edirdi ki, məhkəmədə yalandan deməliyəm ki, güya mən Azada 15000 manat pul vermişəm. Lakin mən onunla razılaşmadım və bildirdim ki, yalandan, həyatımda görmədiyim adamın üzünə dura bilmərəm. Elə məhz buna görə də Sahibə Həsənova bu günə kimi mənim pulumu qaytarmayıb. Eyni zamanda, mən sonradan öyrəndim ki, S.Həsənovanın  tapdığı  yalançı şahidlər Azadın məhkəmədə  nahaqdan  üzünə durarıq onu tutdurublar”.

Vəkil deyir ki, hadisənin ən maraqlı tərəfi isə S.Həsənovanın qızı Gülxar Əli qızı Sadıqovanın  Ali Məhkəməyə müraciəti sayıla bilər. O, anası və qardaşı, tanınmış vəkil Elçin Sadıqovun haqqında  çox ciddi ittihamlar səsləndirməklə yanaşı, Azad Məmmədovun tam günahsız olduğunu bildirib və onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini ədalətsiz sayıb.

Vəkil Adəm Məmmədov bu və ya digər faktları əsas gətirərək, Azad Məmmədovun  barəsindəki qərarların ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edib.

Yazıda adları çəkilənlərin də mövqeyini dərc etməyə hazırıq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi