“Bu gün Prezident İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğı nəticəsində ölkəmiz böyük yarışlara ev sahibliyi edir.” Modern.az xəbər verir ki, bunu Xətai rayonunda yeni İdman mərkəzinin açılışı zamanı Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov deyib.
Komitə sədri bildirib ki, idmanın istənilən sahəsində Azərbaycan dünya ölkələri sırasında öz layiqli yerini tutub.
“Təkcə cari ildə ölkəmizdə keçirilən Avropa oyunlarını və gələn ilə təşkil ediləcək Formula – 1 yarışlarını qeyd etmək kifayətdir ki, Azərbaycanın dünya idmanında tutduğu mövqeyi görmək olsun”.
F.Muradov bu gün açılışı olan Xətai İdman Mərkəzinin yeni kompleksinin rayonda yaşayan gənclərin inkişafına xidmət etdiyini vurğulayıb:
“Bu gün gənclərimizin həm sağlam həyat tərzi, həmçinin də asudə vaxtlarını səmərəli istifadə etmək üçün bu cür mərkəzlərin yaradılması təqdirəlayiqdir. Düşünürəm ki, gələcəkdə bu işlər davam etdiriləcəkdir.”
Tədbirdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev belə idman mərkəzlərinin sayının artırılmasının vacibliyinə toxunublar.
Bildirilib ki, Azərbaycanın bayrağının idman sahəsində ucaldılmasının mənbəyi də məhz bu cür yerlərin yaradılması və gənclərimizin idmana olan marağının artırılmasından irəli gəlir.