Modern.az məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq Zaqatala meşə mühafizəsi və bərpası müəssisəsində gedən yoxlamanın nəticələri barədə yeni məlumat alıb.
Qeyri Hökumət Təşkilatının nümayəndəsi İ.Abbasov saytımıza müsahibəsində maraqlı məqamlara toxunub.
- Yoxlamanın nəticələri nə vaxt bəlli olacaq?
-Demək olar ki, artıq araşdırmanın nəticələri məlumdur və əksər ərazilər təftiş olunub. Məsələn, Car, Tala, Muğanlı, Danaçı və Muxax meşəbəyliklərinin 17 dolayında yoxlama aparılıb. 17 dolaydan 11-də cəmi 44,5 kubmetr həcmində qanunsuz qırıntılara yol verildiyi müəyyən edilib. Digər 6 dolayda isə ümumiyyətlə qırıntı faktı aşkar olunmayıb.
- Yəni bu nə deməkdir? Çoxdur, azdır?
- Çoxdan-azdan söhbət getmir. Əlbəttə ki, qırıntı var və bu yaxşı hal deyil. Vəziyyəti daha yaxşı anlamaq üçün isə təhlillər və müqayisələr aparmaq lazımdı. Komisssiya üzvləri ilə 2013-cü ilin təftişin nəticələri ilə indiki 2015-ci ilin yoxlamalarının nəticələrini müqayisə etdik. Misal üçün, 2013-cü ili əhatə edən yoxlamanın nəticələrinə görə, təkcə Car meşəbəyliyinin 5 dolayında 468,57 kubmetr qırıntı olub. Halbuki indi apardığımız təftişlərdə həmin ərazidə cəmi 18 kubmetr qırıntı aşkarlanıb. Yəni indiki 2015-ci ili əhatə edən yoxlama zamanı eyni 17 dolayda cəmi 44,5 kubmetr qırıntı olduğu halda, 2013-cü ili əhatə edən dövrdə həmin dolaylarda 813,92 kubmetr qırıntı faktı müəyyənləşdirilib. Görürsüz, müqayisə etdikdə fərq daha aydın olur. Məndə olan məlumata görə 2013-cü ildə bu qırıntılarla bağlı o vaxtkı direktor işdən azad edilib.
- Deməli, indi meşədə qırıntı əvvələ nisbətən azdır? Sizcə indiki direktorun aqibəti necə olacaq?
- Yalnız müqayisədə. Amma yenə də deyirəm, bu o demək deyil ki, qırıntı yoxdur. İndiki direktorun aqibətinə gəlincə, mən bununla bağlı heç nə bilmirəm, yəqin ki, bu haqda qərarı komissiyanın apardığı yoxlamanın nəticələrindən sonra Nazirlik verəcək.
- Onda belə çıxır ki, yeşik taxtası məsələsi təsdiqini tapmır?
- Artıq bu barədə mətbuata açıqlama vermişəm. Bunun üçün məncə heç yoxlamaya da ehtiyac yox idi. O boyda səlahiyyət sahibi, zorba birisinin Zaqatalada ağac kəsdirib, Göyçayda yeşik düzəltdirib Masazıra gətirməsi, yenə də deyirəm inandırıcı deyil. Guya Zaqatalada yeşik sexi tapmaq olmazdı? İkincisi, o qədər səlahiyyət sahibi, qanunlara tüpürən bir kəs elə Bakıda istehsal olunan, ucuz qiymətə satılan, daha keyfiyyətli karton, plastik, hətta Rusiyadan gətirilən daha yaxşı taxta yeşikdən istifadə edə bilərdi. Onun üçün nə idiki, istehsalçının, ya da gətiricinin başına qapaz vurub, pulsuz-parasız ala bilərdi. Digər bir məsələ də odur ki, mən özüm də xırda təhqiqat aparmışam, mətbuata da demişəm, təsəvvür edin, Azərbaycan kimi xırda bir ölkə ildə Rusiyadan 375 milyon manatlıq taxta alır. O cümlədən də təxminən 2 min ton hazır yeşik taxtası gömrükdən keçirilir. Bilirsiz, bu nə deməkdir, yəni Azərbaycan taxta materialına olan ehtiyacının 90-95 faizini xariclə ödəyir. Elə bilirsiz Çovdarov bunları bilmirdi? Yəni məncə Çovdarov məsələsini gətirib pomidor yeşiklərinə və Zaqatala meşələrinə bağlamaq absurddur və məntiqə sığmır.
Modern.az