Modern.az

“Nardaranda qızların erkən yaşda ərə verilməsi müşkül məsələdir”

“Nardaranda qızların erkən yaşda ərə verilməsi müşkül məsələdir”

16 Dekabr 2015, 12:29

Azərbaycanda erkən nikahların sayının artımına görə ən çox Bakı kəndlərinin adları çəkilir. Bu zaman bildirilir ki, Bakı kəndlərində qızlar 6-7-ci sinifdən məktəbdən yayındırılır və erkən yaşlarda ərə verilir. Nardaranın adı isə xüsusi qeyd edilir.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Modern.az-a bildirib ki, erkən yaşlarda qızların ərə verilməsi tamamilə fərqli məsələdir: “Hər bir qızın fizioloji inkişafı var. Amma qızların ərə verilməsi də qanunla tənzimlənməlidir. 6- 7-ci sinif şagirdi uşaqdır və onun belə tez ərə verilməsini ərəb ölkələri ilə müqayisə etməməliyik. Qızların tez ərə verilməsinin əleyhinəyəm”.

Ağsaqqal qeyd edib ki, Nardaranda erkən nişanlanma faktları ola bilər, amma qızların erkən yaşlarda ərə verilməsi çox müşkül məsələdir: “Qızlar ən azı 16 yaşından sonra ərə gedirlər. Bundan tez mümkün deyil. Bu da ailənin sosial durumundan, daxili məsələlərdən, təlim-tərbiyədən asılıdır”.

Natiq Kərimov qeyd edib ki, erkən yaşda nişanlanma və ərə getmə təkcə Bakı kəndlərində deyil, ümumiyyətlə, respublikanın hər yerində müşahidə edilir: “Kənd yerlərində qızlar erkən yaşda ərə verilir, şəhər yerlərində isə valideynlər onları oxutmaq istəyirlər. Bu, daha çox fərdi məsələdir, ailənin imkanından və daxili mühitindən asılıdır”.

Mühasibimiz Nardaranda qızların ən çox 18-20 yaşda ərə getdiyini qeyd edib: “Bizdə 17 yaşından başlayaraq qızlar ərə verilir. Bu da pis qarşılanmamalıdır. Ümumiyyətlə, 25 yaşdan yuxarı qızların ərə getməsi bir az inandırıcı səslənmir və bu rəqəmlər ölkədə 5 faizdən çox etməz”.

Natiq Kərimov qızların məktəbdən yayınması hallarının da Nardaranda çox olması fikri ilə razı deyil: “Qızların məktəbdən yayındırılması təkcə kənd yerlərində deyil, şəhər mühitində də var. Bu isə ailənin imkanından, iqtisadi durumundan daha çox asılı olur. Ümumiyyətlə, evdə uşaqların çoxluğu, iqtisadi durum həm qızların məktəbdən yayındırılmasına, həm də erkən ərə verilməsinə təsir edir”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi