Modern.az

FHN-ə güvənmək lazım...

FHN-ə güvənmək lazım...

16 Dekabr 2015, 13:48

Bu gün Fövqəladə Hallar Nazirliyinin 10 yaşı tamam olur. Bu nazirliyin yarandığı ilk günləri xatırlayıram, başda general-polkovnik Kəmaləddin Heydərov olmaqla insanlar min bir əziyytlə sıfırdan bir nazirlik qurdular, yaratdılar, baza formalaşdı və bacarıqlı əməkdaşlar FHN-ə toplandı. Bu gün FHN-nin başqa strukturlarını deyə bilməsəm də, yanğınsöndürmə və xüsusi riskli xilasetmə xidmətində çalışanların zəhmətini yüksək qiymətləndirirəm. Onlar bir insanı xilas etmək üçün ölümünə üzünə dik baxa-baxa mübarizə aparırlar.

Biz bunu Binəqədidəki bina yanğını zamanı gördük. Mən özüm iki ilə yaxındır yol hərəkəti qaydaları ilə bağlı sahədəyəm və yol qəzalarını da izləyirik. Bu gün yol qəzalarında insan həyatını təcili yardımdan, polisdən daha çox FHN əməkdaşları xilas edir. Əvvəllər avtomobil qəzalarında əzilmiş maşında qalan insanları lomla, lapatka ilə, başqa alətlərlə kustar üsulla çıxarmağa çalışırdıq, indi FHN əməkdaşları bu işi xüsusi texniki vasitələrlə və daha peşəkar səviyyədə həyata keçirirlər.

Çimərlik mövsümündə insanları boğulmaqdan qoruyanlar da onlardır. Bəzən FHN əməkdaşları, xilasedicilər insanlara «dərinə getmə» deyəndə sözə baxmayanlar da olur. Amma xilasedicilər yenə də onları qoruyur. Dənizdə batan, itkin düşən, ölümlə üz-üzə qalan balıqçıları dəfələrlə FHN əməkdaşları xilas edib. Son olayda insanların FHN-ə qarşı münasibəti sanki bir qədər dəyişdi. Bəziləri elə düşündü ki, FHN əməkdaşları «Günəşli» yatağındakı yanğından sonra dənizə tökülən insanları xilas etmək istəməyib və ya edə bilməyib. Amma biz həvəskar kameralarla çəkilmiş kadrlardan da gördük ki, o şəraitdə ən azı 1 insanın həyatını xilas etmək nə qədər ağır prosesdir və bunun üçün xilasedicilər öz həyatlarını təhlükəyə atırlar.

Onlar əsl qəhrəmanlardır. Onların haqqını itirmək olmaz. Onların zəhmətini dəyərləndirmək lazımdır. Çox təəssüflər olsun ki, FHN-in mətbuat xidməti, təbliğat maşını zəif işləyir. Əslində, FHN hər bir insan həyatının xilas edilməsi işini cəmiyyətə çatdırmalı idi. Elə «Günəşli» yatağındakı hadisəyə FHN jurnalistləri cəlb etməli və onları birbaşa hadisə yerinə aparmalı idi. Xilasdicilər orada can qoydu, əziyyət çəkdi, amma FHN onların bu qəhrəmanlıqlarını cəmiyyətə olduğu kimi çatdıra bilmədi. İnanmıram ki, FHN-də bunun üçün maddi-texniki baza olmasın. İnanmıram ki, işçi qüvvəsi olmasın.

Necə olur ki, Bakının göbəyində 1 nəfər liftdə ilişib qalanda FHN jurnalistləri ora çağırıb yığa bilir, hansı ki, bu xilasetmə əməliyyatı cəmiyyət üçün o qədər də maraqlı deyil. Amma dənizin ortasında onlarla insanın həyatını xilas edəndə FHN-nin çəkiliş qruppası işləmir, yaxud da, jurnalistləri ora apara bilmirlər? Hər halda, insanlar bu qədər əziyyət çəkir, başqalarının həyatını xilas edirlər. FHN bu insanların əməllərini cəmiyyətə çatdırmalı, təbliğ etməlidir. Bununla onları daha da ruhlandırmaq olar. Yoxsa, filan küçədə evin qapısı bağlı olduğu üçün içəridə qalan uşağı FHN xilas etdi, filan rayonda qaraj yandı, saat 11-də FHN gəldi, 11.20-də söndürüb getdi kimi xəbərləri cəmiyyət qəbul eləmir.

FHN bu qədər əziyyət çəkə-çəkə özünü cəmiyyətdə təbliğ edə bilmirsə, bu barədə ciddi düşünmək lazımdır. Hər bir xilasetmə əməliyyatının videosu, fotosu yayılsın, mətbuata, telekanallara tutarlı materiallar verilsin. Yoxsa, inanın ki, liftdə qalanların xilasetmə əməliyyatı heç kimə maraqlı deyil. Bu bayram günündə bu çatışmazlıqları ona görə dedim ki, dost tənqidindən nəticə çıxarıb FHN-nin növbəti illiyində daha maraqlı materiallar ortaya qoya bilsinlər. Təbrik edirəm. Bütün FHN kollektivinin bayramı mübarək! 

Elməddin Muradlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi