“Olur , olur, belə işlər də olur” silsiləsindən
Qələm dostlarımdan birinin yubiley tədbirində rastlaşdığım keçmiş və indiki iş yoldaşlarımla, həmkarlarım və sadəcə tanışlarımla görüşməkdən və “el adəti” üzrə öpüşməkdən heç cür vaz keçə bilməzdim. Bəzilərinin əlini sıxdım, bəzilərinin çiyinlərini şapalaqladım, kimisini köksümə sıxdım, digərinin yanağına yanağımı söykəyib dodağımı tərpətdim – guya ki, öpüşdük.
Amma qocaman şair, əməkdar müəllim, xeyirxah və nurani insan kimi tanıdığım Oqtay Rza ilə görüşüb öpüşməyim heç ürəyimə yatmadı. Kişi sanki illərin küslüsü kimi yanağını qaçırmağa çalışdı, başını kənara çəkməklə bu səmimi, ürəkdən gələn yaşantıya soyuq su calamaq istəyini heç gizlətmədi də. Çox fikirləşdim, tapa bilmədim ki, nə vaxtsa ağsaqqalın xətrinə dəymişəm, ürəyinə toxunmuşam, ya yox. Tapa bilmədim. Lakin heç yarım saat keçmədi ki, hər şey mənə gün kimi aydınlaşdı. Tədbirdə çıxış edənlərdən biri hansı məsələdəsə Oqtay müəllimdən sitat gətirərkən şairin bir çox gözəl xüsusiyyətləri sırasında kişilərin öpüşməsinə çox pis baxdığını, bu işdən zəndi-zəhləsi getdiyini xatırladanda mənimlə soyuq görüşünün səbəbini anladım və çox heyfsləndim ki, niyə onun bu məsələyə özəl münasibətindən xəbərim olmayıb.
Şairin özünəməxsus, orijinal xarakterindən söz düşmüşkən çoxlarına bəlli olan, əslində əksərriyyət tərəfindən qəbul olunan prinsilərinin bir-ikisini xatırlatmaq yerinə düşərdi. Bu adam tanış-bilişinin soyadını səsləndirəndə heç vaxt “ov” , “zadə” , “lı-li” və sair işlətmir, sadəcə, məsələn, Məmməd Hüseyn deyə çağırır. Sonra. İndi bilmirəm, əvvəllər, kefinin çağ vaxtlarında (maşallah indi də əhvalı lap sazdır) əlindəki iri portfeldə həmişə ehtiyat kimi azından yarımlitrlik “qırx faizlik” gəzdirirdi. Bu, əslində nahar vaxtları heç kimə yük olmamaq istəyindən irəli gəlirdi. Səxavətli və nikbin insanın bir sözü də lap qanadlı ifadəyə çevrilib – “mənim yanacağım da var, qanacağım da”. Nə demək olar, kaş bütün yeyib-içənlər elə bu pirinsipləri unutmasınlar, tay-tuşlarını “qazlamaq” fikrindən uzaq olsunlar.
Deyəsən mətləbdən uzaq düşmək qorxusu var, odur ki, yazının əvvəlindəki fikrimi davam etdirmək istərdim. Söhbət təbii ki, müasir kişilərin marça-març öpüşməsindən gedir. Son vaxtlar bu hal doğrudan da bəzi kişilərin gündəlik vərdişinə, bir növ həyat tərzinə çevilib. Yol-rizdə, avtobusda, metroda rastlaşanların, iş yerində qarşılaşanların qollarını bir-birinin boynuna dolayıb neçə illərin ayrı düşmüşləri təki ləzzətlə öpüşmələrini görənlər Allah bilir hansı fikirlərə düşürlər. İndi paytaxda da, lap uzaq kəndlərdə də vəziyyət eyni cürdür. Adam bəzən lap çaşıb qalır. Bilmirsən sağ-sol busəsindən sonra qarşındakını üçüncü dəfə öpəsən yoxsa yox. Sadəcə başını kiminsə qafasına söykəməklə bu prosedurun qurtardığına da əmin olmursan. Birdən qarşındakı narazı qalar, sonra di gəl bu umu-küsünün, qınağın qabağını al görüm, necə alırsan. Kiminləsə yüngülcə görüşüb ayrılsan səhərisi mütləq eşidəcəksən: - qudurub, əli çörəyə çatıb, görmürsən, mənimlə “ucu” ilə görüşür, (ürəyinizə ayrı şey gəlmisin, yəqin ki, barmağın ucu nəzərdə tutulur – A.C.) elə bil məni heç dəyirmanda da görməyib. Çaşıb iki-üç dəfə ürəkdən öpdüyünün də nə fikirləşdiyini dəqiqləşdirmək çətindi. Bəlkə adam iyrənir, heç sənin dodaqlarını yanağında, qulağının dibində hiss etmək istəmir, qıcıqlanır. Beləcə ortaya çox sualların, müəmmalrın çıxmaq ehtimalını nəzərə alsaq ən yaxşı, optimal variant öpüşməyi təgitməkdir. Təbii ki, söhbət ilk növbədə kişilərdən gedir və Hidnistandakı kimi əllərin pəncəsini cütləşdirib yuxar qaldırmaq zənnimcə ən ideal çıxış yoludur. Nə olar hindli olanda, qardaşlar düz edir də...
Kişilərin öpüşməsi dəbə minsə də bundan yan keçənlər, ürəyincə olmayan təmrindən qaçanlar da var. Adam tanıyıram ki, ilin bütün fəsillərində kiminləsə rastlaşanda deyir ki, qripəm, yoxsa bir öpüşərdik də. Alababat çıxış yoludur, nə deyəsən. Eləsi də var ki, sağ əlini daim cib dəsmalı ilə sarıyır ki, bəs adam əlini elə əzib ki, heç görüşə də bilmir. Bu da bir variantdır. Bəziləri də sadəcə əlini sinəsinə qoyur, sürətlə yanından elə ötüb keçir ki, guya harasa bərk tələsir. Belələri də qınanılası deyil. Qardaş, zorla deyil, öpüşməyi bacarmır də bu kişi. Belələrinə eşq olsun!
Ola bilər ki, yazdıqlarımla razılaşmayanlar daha çox olsun. Vallah, əziz oxucular, əminəm ki, ürəynizdə də olsa mənimlə həmrəysiniz. Hər an qripə və digər xəstəliklərə yoluxmaq ehtimalını göz önünə alsaq, yanağınızın və dodağınızın arzuolunmaz şəkildə kompress edilməsi yolverilməzdir və salamlaşmağın rahat, təhlükəsiz qaydalarını arayıb-axtarıb qəti qənaətə gəlməyin də zamanı artıq çatıb. Deyirlər ki, kişilər ağlamamalıdır. Əla fikirdir. Amma ağlamağın da yolu elə bəzən öpüşməkdən keçir axı... Bu proses insanı nə qədər kövrəldir bir Allah bilir.
İndi gəlin hamılıqla bir suala dəqiq cavab axtaraq – öpüşək, yoxsa öpüşməyək?..