“2004/05-ci tədris ilində dövlət və qeyri-dövlət əyani ümumtəhsil müəssisələrində 1-ci sinif şagirdlərinin sayı təxminən 141 min nəfər təşkil edib”.
Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən konfransda deyib. O qeyd edib ki, 2014/2015-ci tədris ilində isə 11-ci sinifdə oxuyan şagirdlərin sayı 91,5 min nəfər olub: “2004/05-ci tədris ilindən təhsil alan şagirdlərin 10,2 min nəfərinin əyani ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunduğunu nəzərə alsaq, 39,3 min şagirdin ümumtəhsil məktəbini bitirmədiyi qənaətinə gəlmək olar. Bu şagirdlərin 61,8 faizi kənd yerlərinin payına düşür. Araşdırmalar göstərib ki, məktəbdən yayınan bu şagirdlərin əksər hissəsi erkən nikah quran qızların payına düşür. Göründüyü kimi, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınmanı da artırır. 2015-ci ildə qəbul imtahanlarının nəticəsi göstərib ki, həmin il ərzində respublikanın cənub bölgəsindən ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu, bizim qızların erkən yaşlarından təhsil hüququndan məhrum edildiyini göstərir”.
Nazir müavini bildirib ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə qeydə alınan 84912 nikahdan 479-u 18 yaşına çatmamış qızlarla, 2-si isə 18 yaşına çatmamış oğlanlarla olub: “Digər tərəfdən, diri doğulan uşaqların sayında rəsmi qeydə alınmamış nikahda olan qadınların doğduğu uşaqların xüsusi çəkisi 14,9 faiz olub, həmin qadınların 61,6 faizi kənd yerlərində yaşayanlardır. Əgər 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınların doğduğu uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub”.
Erkən nikahın əslində sosial hadisə olduğunu qeyd edən İdris İsayev bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün qanunvericiliklə müəyyən olunan yaş həddindən aşağı olması yeni qurulan ailələrdə bir sıra problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə respublika üzrə 170503 diri doğulan uşağın 3296 nəfəri, o cümlədən şəhər yerlərində 1054, kənd yerlərində 2242 nəfəri 15-17 yaşlı anaların payına düşüb. Acınacaqlı hal odur ki, 15-19 yaşına qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib”.
İdris İsayevin sözlərinə görə, araşdırmalar erkən nikahların əsasən aztəminatlı ailələrdə geniş yayıldığını göstərir: “Lakin aztəminatlı olmaq erkən nikaha heç vaxt əsas yarada bilməz. Çünki bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkədir. Araşdırmalar kənd qızlarının işlə təmin olunmalarındakı müəyyən çətinliklərin, bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin erkən nikahların səbəblərindən biri olduğunu göstərir”.
Nazir müavini bildirib ki, Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda Avropa Birliyində bu 20,6 - İspaniyada - 49,3, Xorvatiyada - 43,6, İtaliyada - 41,5 faizdir. Təsadüfi deyil ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi 10 lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib”.
İdris İsayev araşdırmaların nəticələrinə əsasən, erkən nikahların səbəblərindən birinin də kənd yerlərində yaşayan kişilərin əmək miqrasiyası səbəbindən qızlar arasında ailə qura bilməmək qorxusundan irəli gəldiyini qeyd edib.
Aytən ZƏHRA