Rusiyada işləmək Azərbaycan vətəndaşı üçün maraqlı deyil, çünki rubl dollarlarla rəqabətdə zəifdir. Bu sözləri Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev Modern.az-a açıqlamasında deyib.
“Artıq beş ildir ki, Rusiya ərazisinə işləməyə gələn azərbaycanlıların sayı günü-gündən azalır. Yeni miqrant kvotası Azərbaycandan gələn miqrantlara təsir etməyəcək. Çünki Rusiyaya başqa ölkələrdən gələn çoxlu sayda miqrant var. Azərbaycan vətəndaşlarına nisbətdə onlar çoxluq təşkil edir. Bu baxımdan həmin kvota bizim vətəndaşlara təsir etməyəçək. Rusiyada işləmək Azərbaycan vətəndaşı üçün artıq maraqlı deyil, çünki rubl dollarlarla rəqabətdə zəifdir. Bundan başqa, Rusiyada işləyən azərbaycanlıların əksəriyyəti vətəndaşlıq alıb”.
İlqar Hacıyev onu da vurğulayıb ki, Azərbaycanın təsərüffat mallarının qiyməti Rusiyada qalxa bilər.
“Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi nəticəsində Türkiyədən gətirilən təsərüffat mallarının Rusiya ərazisinə keçməsi çətinləşdi. Bu hadisə azərbaycanlı biznesmenlərin xeyrinə oldu. Azərbaycandan gətirilən təsərüffat mallarının qiymətində artım müşahidə olunur”.
Qeyd edək ki, Rusiyanın Nazirlər Kabineti 2016-cı il üçün miqrant kvotasını müəyyən edib. Gələn il ölkədə 214 min əmək miqrantının işləməsinə icazə veriləcək. Bu göstərici 2015-ci illə müqayisədə 23 faiz azdır. Rusiya hökumətinin başqa bir qərarı ilə sərnişindaşımalarında əcnəbi işçilərin ümumi sayı 50 faizdən 40 faizə qədər, yük daşımalarında isə 50 faizdən 35 faizə qədər azaldılıb.
Emil Rasim