Baş nazir Artur Rasizadə dekabrın 4-də “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş verən qəzada ölən və itkin düşən neftçilərin ailələrinə 15 min manat birdəfəlik yardım ayrılması ilə bağlı sərəncam imzalayıb. Lakin hadisədən azca əvvəl “Neft daşları”nın Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş verən qəza zamanı itkin düşən üç neftçi ailəsinin sözügedən sərəncamın onlara aid edilməməsindən narazılıqlarını bildiriblər.
Bu barədə Modern.az olaraq dünən məlumat yaymışdıq. Həmin ailələr Nazirlər Kabinetinə və Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) müraciət etsələr də, onlara dəqiq məlumat verilməyib. Eyni zamanda, Nazirlər Kabineti də məsələnin onlara aid olmadığını deyib, bunu aidiyyatı qurumlarla – Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Maliyyə Nazirliyi ilə dəqiqləşdirməyi məsləhət bilib.
Artıq həmin neftçi ailələrinə ARDNŞ-dən yeni məlumat verilib. “Neft daşları”nın Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş verən qəza zamanı itkin düşən 3 neftçinin yaxınlarının Modern.az-a verdiyi məlumata görə, onlara da birdəfəlik maddi yardım ediləcək.
İtkin düşən neftçilərin yaxınlarının sözlərinə görə, onlara maddi yardımın ayrılmasını ARDNŞ öz üzərinə götürüb: “Bizə Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi şəxsləri bildiriblər ki, Maliyyə Nazirliyi “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş verən qəzada ölən və itkin düşən neftçilərin ailələrinə 15 min manat birdəfəlik yardım verərkən, onlar da bizə həmin məbləğdə pul verəcəklər. Onlar bizi maddi yardımın ayrılacağı barədə əmin ediblər”.
ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev isə Modern.az-a bildirib ki, sözügedən sərəncamın “Neft daşları”nın Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş verən qəza zamanı da itkin düşən üç neftçi ailəsinə də şamil edilib-edilməyəcəyi barədə məlumatlı deyil: “Bu barədə Nazirlər Kabineti və Maliyyə Nazirliyi məlumatlıdır. ARDNŞ tərəfindən həmin neftçilərin ailələrinə yardımları, sığorta haqlarını, kompensasiyaları, bir sözlə, boynumuza düşən öhdəlikləri yerinə yetiririk. Amma həmin sərəncamın “Neft daşları”nda itkin düşən 3 neftçi ailəsinə şamil edilib-edilməyəcəyi bizə aid deyil”.
Nizaməddin Quliyev neftçi ailələrinin Modern.az-a verdiyi məlumata da münasibət bildirib:
“Əgər ARDNŞ tərəfindən həmin ailələrə belə söz verilibsə, deməli yerinə yetiriləcək. Ola bilməz ki, söz deyilsin və yerinə yetirilməsin”.
Maliyyə Nazirliyindən məsələyə münasibət öyrənməyə çalışsaq da, qurumun mətbuat xidmətinin rəhbəri Mais Piriyev bu haqda ARDNŞ-in məlumatlı olduğunu bildirib.
Aytən ZƏHRA