ATƏT-in rəsmi saytında Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşdığı bildirilib. Azərbaycan hökumətinin müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik təqib siyasəti yürütdüyü əsas gətirilib. Məlumatda qeyd edilib ki, qanun layihəsi ABŞ Konqresinə təqdim edib.
İqtisadçı Natiq Cəfərli Modern.az saytına sanksiyaların nə dərəcədə real olması və Azərbaycan üçün zərərləri barədə şərh verib. Ekspert, ümumiyyətlə, Azərbaycana qarşı sanksiyaların tətbiqinin əleyhinə olduğunu vurğulayıb:
“Mən fərdi qaydada və “REAL” Hərəkatı olaraq da bütün təmaslar zamanı Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olmuşuq. Çünki bu ölkə hamımızındır. Amma fərdi sanksiyaların - insan hüquqlarında aktiv iştirak edən, haqsız məhkəmə qərarları çıxaran, çıxardığı məhkəmə qərarları Avropa İnsan Hüquqları Məhkəməsində qanunsuz elan olunan, sifarişlə çalışdığı üzə çıxan məmurların, hakimlərin, polis və məhkəmə orqanları işçilərinin fərdi sanksiyalara məruz qalması labüddür. Çünki insanın təməl haqlarını pozmaq olmaz. Bunun bir cəzası olmalıdır. Ona görə də fərdi qaydada sanksiyaların xəbərdarlıq anlamında tətbiqi yaxşı olardı. Amma bir daha qeyd edirəm ki, dövlətimizə qarşı sanksiyaların tətbiqinin əleyhinəyəm”.
Natiq Cəfərlinin fikrincə, bu qərarın verilməsi gələn ilin əvvəlindən qüvvəyə minə bilər: “Ola da bilər ki, bu qərar, ümumiyyətlə verilməsin. Çünki Azərbaycan hökumətinin əlində kifayət qədər zaman və şans var ki, bu məsələləri tez bir zamanda həll etsin və dünya tərəfindən siyasi məhbus kimi tanınanların dərhal azad olunması barədə qərar versinlər. Azərbaycanda sivil toplumun fəaliyyəti üçün son dövrlərdə çox kəskin şəkildə pisə doğru dəyişikliklər edilib. Bunlara yenidən baxılmalı və yeni qaydalar tətbiq olunmalıdır.
Düşünürəm ki, bir neçə addım atmaqla bu problemi həll etmək olar. Bununla da Azərbaycan-Qərb münasibətlərini kəskinləşdirməmək də mümkündür. Ümid edək ki, Azərbaycan hökuməti məhz bu yolu tutacaq və sanksiyaların tətbiq olunmasının qarşısını alacaq addımlar atacaq.
Lazımi addımlar atılmasa, növbəti ilin əvvəlində fərdi qaydada sanksiyaların tətbiqi ehtimalı çox yüksəkdir. Fərdi sanksiyalar əsasən viza qadağası, xaricdə olan biznes münasibətləri, yaxud daşınmaz əmlakının araşdırılması, hesabların dondurulması, Qərb ölkələrinə səyahətlərin yasaqlanması, hətta korrupsiya halları tapılarsa, onlara qarşı beynəlxalq cinayət işlərinin başlanması ola bilər”.
Gülşən RAUFQIZI