Modern.az

Qafqaz Müsəlmanları İdarəsi bağlanmaq təklifinə şərh vermədi

Qafqaz Müsəlmanları İdarəsi bağlanmaq təklifinə şərh vermədi

17 Dekabr 2015, 13:58

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu dəfə Qafqaz Müsəlmanları İdarəsinin ləğvi iddiası ilə çıxış edib. O, iddiasını belə əsaslandırıb:

“Allahşükür Paşazadənin hansısa telekanala çıxıb, hansısa dini məsələni şərh etdiyini görmüsünüz?
Necə olur ki, İranda ali dini rəhbər Xamneyi hər həftə cümə günü xalq qarşısında çıxış edir?.. Bütün dünyada hər həftə dini liderlər xalq qarşısında çıxış edirlər. Eləsi var ki, xəstə olduğu halda belə, çıxış edir, eləsi də var ki, xütbə oxuduğu yerdə ölür, amma son nəfəslərinə qədər dinin təbliği ilə məşğuldurlar. Allahşükür Paşazadə isə bu günədək dinin təbliği ilə məşğul olmayıb.

Dini təbliği Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin kafedra müdiri Vasim Məmmədəliyev aparır, onun da dinlə heç bir əlaqəsi yoxdur.

Belə olan halda Qafqaz Müsəlmanları İdarəsi nəyə xidmət edir? Dini təbliğat aparmır, insanların dini inanclarla bağlı olan problemlərinin həllində iştirak etmir, özü də Azərbaycanda başqa dövlətlərin də dindarlarını idarə edən təşkilatın rəhbəri kimi fəaliyyət göstərir. Həm qeyri-konstitusiondur, həm qeyri-qanunidir, həm də dinə ziddir. Bu qədər qanuna və dinə zidd olan qurumun saxlanmasına nə ehtiyac var? Azərbaycan Konstitusiyası baxımından bu qurum ləğv edilməlidir”.

Tanınmış ilahiyyatçı Elşad Miri isə  heç düşünmədən partiya sədrinin bu fikirlərinə dəstək çıxıb.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bu ittihamları cavablandırmayacağını açıqlayıb.

QMİ-nin sədr müavini Qəmər Cavadlının məsələ ilə bağlı  Modern.az saytına cavabı da birmənalı olub:

 “Qafqaz Müsəlmanları İdarəsi bununla əlaqədar heç bir şərh verməyəcək”.

 Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi