Modern.az

“Ermənipərəstlər fəallaşa, Qarabağın azad edilməsi ləngiyə bilər...” - Sanksiyanın gətirəcəyi fəsadlar

“Ermənipərəstlər fəallaşa, Qarabağın azad edilməsi ləngiyə bilər...” - Sanksiyanın gətirəcəyi fəsadlar

17 Dekabr 2015, 14:37

Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının (ATƏT) rəsmi saytında Amerika Birləşmiş Ştatlarının Azərbaycana sanksiyalar tətbiq edəcəyi barədə məlumat yer alıb.

Saytda qeyd edilib ki, ABŞ Helsinki Komissiyası Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi altında ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Bu  qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur.

Məsələ ilə bağlı Modern.az saytı uzun illər Azərbaycanı beynəlxalq təşkilatlarda fəal təmsil edən Milli Məclisin komitə sədri Fuad Muradovdan münasibət öyrənib.

Deputat saytımıza bildirib ki, belə bir situasiyanın yaranacağına inanmır. O, fikrini belə əsaslandırıb ki, belə bir vəziyyətin yaranması iki ölkə arasında münasibətləri gərginləşdirə bilər və ümumən münasibətlərə xələl gətirər.

“İnanmıram ki, ABŞ münasibətlərin bu şəkil almasında maraqlı olsun” deyə, o qeyd edib.


F.Muradob deyib ki, belə bir halın yaranması beynəlxalq müstəvidə Qarabağla bağlı aparılan danışıqları, ümumilikdə isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesini ləngidə bilər: “Azərbaycanın üzləşdiyi təcavüz beynəlxalq miqyas alıb. Bu mənada düşünürəm ki, belə bir vəziyyət yaranarsa, beynəlxalq müstəvidə məsələnin həlli üçün işə salınan elementlər dona bilər”.

Komitə rəhbəri onu da əlavə edib ki, bu gün Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır.

“Azərbaycanın ərazi bütövlüyü pozulub. İyirmi faiz torpaqlarımız işğal altındadır. Bu məsələ ilə beynəlxalq müstəvidə ATƏT-in Minsk Qrupu məşğul olur.

Amerika Birləşmiş Ştatları isə Minsk Qrupunun 3 üzvündən biridir. Ona görə də düşünürəm ki, bu, həm də birmənalı olaraq ermənipərəst qüvvələrin fəallaşmasına gətirə bilər”.

Sonda deputat qeyd edib ki, belə bir situasiyanın yaranacağına inanmır.

Pərvin Arzuqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi