Modern.az

FHN: “Günəşli” neft yatağındakı yanğın tam söndürülməyib

FHN: “Günəşli” neft yatağındakı yanğın tam söndürülməyib

17 Dekabr 2015, 16:35


Xəzərdəki “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Fövqaladə Hallar Nazirliynin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata əsasən, dekabr 10-dan etibarən özüldə yanğınsöndürmə əməliyyatını həyata keçirən nazirliyin “Vixr-5” və “Vixr-8” gəmilərindən hər gün tərkibinə təcrübəli yanğınsöndürənlərin daxil olduğu 2 manqa xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə özülə desant edilir:

“Özülə desant edilən qruplar yanan quyular ətrafında SOCAR tərəfindən qəza-bərpa işlərini aparan işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini təmin etməklə yanaşı, eyni zamanda, yanğının söndürülməsi işlərini həyata keçirirlər.

Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində dekabrın 15-də neft quyularının birində yanğını söndürmək mümkün olub.

Yanğınsöndürmə əməliyyatının fasiləsiz və yüksək peşəkarlıqla həyata keçirilməsini təmin etmək  məqsədilə dekabr 15-dən nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin təcrübəli yanğınsöndürənlərindən təşkil edilmiş 11 nəfərdən ibarət qrup 10-cu özülə desant edilib. Bu gün saat 13:00 radələrində ikinci neft quyusunda da yanğın söndürülüb.

Özüldə yanan qaz quyularının yaxın zamanda söndürülməsi təmin ediləcək”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi