Modern.az

Deputat cərimələri sərtləşdirməyi təklif etdi

Deputat cərimələri sərtləşdirməyi təklif etdi

18 Dekabr 2015, 14:57


Milli Məclisin bu gün keçirilən iclasında Torpaq Məcəlləsinə dəyişiklərin müzakirəsi zamanı deputat Fuad Muradov çıxış edib. Modern.az-ın məlumatına görə, o, bildirib ki,  Azərbaycan qanunvericiliyində mövcud praktikaya əsasən, dənizin sahil zolağında çəkilən hasarların hansı nöqsanlarla həyata keçirilməsini mövcud icra hakimiyyəti orqanı və vətəndaşlar araşdıra bilərlər.

“Sizi əmin edirəm ki, çox hallarda həmin hasarların tikilməsi böyük nöqsanlarla həyata keçirilib. Düzdür, qanunun geriyə qayıtmaq müxanizmi yoxdur. Amma bu mexanizmi düşünmək olar. Çünki bu çox ciddi məsələdir. Gənclərimizin asudə vaxtının təşkili əsasən yay aylarında, dənizdə gerçəkləşi və onların gündəlik həyatına təsir edir. Bu məsələləri biz mütləq şəkildə qanunla tənzimlənməliyik. Fikrimcə, müvafiq komitələrimiz buna baxa bilər və şərait yaradılmalıdır ki, insanlarımız dənizdən istifadə etsinlər”.

Deputat qeyd edib ki, dəniz kənarına nəqliyyatın hərəkəti ilə bağlı ümumiyyətlə, yanaşma fərqli olmalıdır.
“Dəniz qırağına nəqliyyatın yanaşması bütün müasir qanunvericiliklərdə qadağan olunmalıdır. Ona görə də müəyyən mexanizm fikirləşilməlidir. Görürük ki, yay aylarında bütün nəqliyyat vasitələri dəniz qırağındadır. Heç bir dənizkənarı digər ölkələrdə belə məsələ yoxdur. Müəyyən dayanacaqlar tikilir, maşınlar orada saxlanılır və insanlar dənizə piyada gedirlər. Ona görə dəniz qırağına nəqliyyatın hərəkəti üçün yolun verilməsi ilə qətiyyən razı deyiləm, xüsusi yanaşma mütləq şəkildə olmalıdır”.

F.Muradov bəzu rayonlarda kəndlilərə məxsus yay və qış otlaqlarının kimlərsə tərəfindən zəbt olunmasından da danışıb.

“Dəfələrlə, xüsusən də rayonlardan bizə yay və qış otlaqları ilə bağlı müraciətlər olur. İnsanlar çox böyük əziyyət çəkir. Bilmirəm ki, bu günkü reallıqda buna yerli icra qurumları, yoxsa Kənd Təsərrüfatı Nazirliyi cavab verməlidir. Bir çox məsələlərdə müəyyən məhdudlaşdırmalar var ki, insanlar qış və yay otlaqlarının istifadəsində çox böyük əziyyət çəkirlər. Bundan sonra İnzibati Məcəlləyə də baxacağıq, bu məsələ orada əksini tapmalıdır, cərimələr sərt olmalıdır. Hər hansı bir səbəbə görə yay və qış otlaqlarının zəbti, o istiqamətdə istifadə olunmaması ilə bağlı maddə də qanunvericilikdə öz əksini tapmalıdır. Bu kənd təsərrüfatının inkişafı üçün ən əhəmiyyətli məsələlərdəndir. Qanuni dəyişiklərə ciddi baxmalıyıq”.

Dünyada iqtisadi böhranın olduğunu deyən deputat qeyd edub ki, bundan çıxış yollarından biri kənd təsərüfatının inkişafıdır.

“Əksər rayonlarımızda da mal-qara təsərrüfatı  inkişaf edir. Dəfələrlə bununla bağlı müvafiq orqanlara müraciətlər göndərmişik. Xahiş edirəm ki, qanunverici orqan kimi biz bu məsələyə ciddi yanaşaq, gündəliyə gətirək və müvafiq olaraq qanun qəbul edək”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?