Respublikanın Baş Prokurorluğu bu gün baş verən dəhşətli hadisə ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilir ki, dekabrın 17-də saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq 1-ci mərtəbədə dayanan vəziyyətdə olan liftin üzərinə düşüb.
Esmira Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Klinik Tibbi Mərkəzdən Modern.az saytına verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır.
Gülşən RAUFQIZI