Modern.az

Mübariz Qurbanlı Amerika səfirinə etirazını bildirdi

Mübariz Qurbanlı Amerika səfirinə etirazını bildirdi

18 Dekabr 2015, 19:03



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 18-də Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

Görüş zamanı Dövlət Komitəsinin sədri vurğulayıb ki,  Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini qeyd edən Mübariz Qurbanlı  ölkəmizdə dini tolerantlığın təbliği və radikalizmin qarşısının alınması ilə bağlı görülən işlər barədə danışıb.

ABŞ səfiri Azərbaycan dövlətinin tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib. O, qeyd edib ki, dini radikalizmə və terrorizmə qarşı mübarizə bütün ölkələrin səylərini birləşdirməyi zəruri edir.

Komitə sədri ABŞ Konqresinin Helsinki Komissiyasının  rəhbəri, konqresmen Kris Smit tərəfindən irəli sürülmüş qanun layihəsi ilə bağlı fikirlərini ABŞ səfirinin diqqətinə çatdırıb.  Bildirib ki, həmin qanun layihəsi bütövlükdə qərəzlidir və həqiqəti əks etdirmir. Bu tipli cəhdlər ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməklə yanaşı, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Çünki qanun layihəsi ABŞ-da fəaliyyət göstərən erməni diasporunun və onlarla bağlı olan müəyyən dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır. Azərbaycanda tarixən müsəlman, pravoslav, yəhudi və digər dini icmaların dinc, yanaşı şəkildə yaşamaları, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələri bütün dünyaya nümunədir. Qanun layihəsində Azərbaycanda dini azadlıqların pozulması haqqında iddiaların heç bir əsası yoxdur.

Komitə sədri belə bir sənədin qəbul olunmasının Azərbaycanla-ABŞ arasında mövcud olan strateji əməkdaşlıq münasibətlərinə ciddi ziyan vura biləcəyini səfirin bir daha diqqətinə çatdırıb və ümidvar olduğunu bildirib ki, Konqres bu sənədə səs verməyəcəkdir.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
  
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi