Bu gün Milli Məclisin iclasında “Kənd təsərrüfatı kooperasiyası” haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Rüstəm Xəlilov təkliflə çıxış edib. O, öncə diqqəti qanun layihəsinə çəkərək bunun çox böyük əhəmiyyətə malik olduğunu bildirib.
Modern.az saytı xəbər verir ki, Parlament üzvü qanunun kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkili və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edən vacib sənəd olduğuna diqqət çəkib.
R.Xəlilov Azərbaycanın bütün sahələrdə inkişafını vurğulayaraq, xüsusilə ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini bildirib: “Artıq ölkəmiz inkişaf etmiş ölkələr sırasında öz sözünü deyə bilir. Bu da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan düzgün iqtisadi siyasətin nəticəsidir. Ölkə başçısı tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması da heç də təsadüfi deyil. Çünki Azərbaycan qədimdən aqrar ölkə olaraq tanınır. Respublikanın zəngin, təbii resursları aqrar sektorun inkişaf etdirilməsinə əlverişli şərait yaradır. Biz də bundan istifadə etməliyik. Prezident bu məsələdə öz sözünü deyib. Bu baxımdan hesab edirəm ki, mühüm irəliləyişlər əldə olunmalıdır. Təbii ki, aqrar sektorun inkişafı fermerlərlə birbaşa bağlıdır”.
Deputat təəssüflə bildirib ki, fermerlər, kənd təsərrüfatı sahəsinda çalışanlar istehsal etdikləri məhsulu bazara çıxarmaqda çətinlik çəkirlər: “Bu isə onlar üçün bir nömrəli problemdir. Düşünürük ki, məsələ öz həllini tapmalıdır. Prezident İlham Əliyev nəinki fermerlərin, ümumilikdə sahibkarlığın inkişaf etdirilməsi baxımından lazımi addımlar atıb və müvafiq sərəncamlar imzalayıb. Azərbaycandakı bütün sahibkar və fermerlər Azərbacan prezidentinə güvənərək çalışdıqları sahədə müəyyən irəliləyişlərə nail olublar. Çox istərdik müvafiq dövlət qurumları fermerlərə dəstək olsunlar. Əks təqdirdə aqrar sahədə arzuladığımız inkişafa nail ola bilməyəcəyik”.
Millət vəkili daha sonr ölkə başçısının sahibkarlığın inkişafı ilə bağlı verdiyi mühüm qərarların bu sahədəki problemlərin tez bir zamanda həll olunmasına zəmin yaradacağını vurğulayıb: “Qeyd etdiyim kimi, yerlərdəki məmurlar da fermerlərin normal fəaliyyətinə şərait yaratamalıdırlar. Fermer istehsal etdiyi məhsulu bazara çıxara, il boyu çəkdiyi əziyyətin bəhrəsini görə bilmirsə, özünü kimsəsiz hiss edirsə, ondan bu sahədə hər hansı irəliləyiş gözləmək əbəsdir. Bu baxımdan müvafiq dövlət qurumlarını fermerlərə sahib çıxamağa çağırırıram”.
Modern.az