Modern.az

Şəhidin anasını, xanımını qorxutmaq, hədələmək lazım deyil - Etimad Əsədov

 Şəhidin anasını, xanımını qorxutmaq, hədələmək lazım deyil  - Etimad Əsədov

18 Dekabr 2015, 22:06

Şəhid ailələrini, Qarabağ əlillərini (Qaziləri) təmsil edən ictimai birliklərin rəhbərləri və onların üzvləri uzun illərdir bu qəbildən olan insanlara dövlət tərəfindən ödənilməli olan “qan pulu”larının - sığorta məbləğini ala bilmədikləri üçün bir araya gələrək müzakirə aparıblar. Modern.az saytı xəbər verir ki, vətədaş cəmiyyəti nümayəndələri, Qarabag əlilləri, şəhid ailələri çıxış edib. 

Qaziler.az saytının yaydığı məlumata görə, Tədbirdə çıxış edən “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri, şəhid xanımı Almaz Zeynalova bildirib ki, bu məsələ bütün məhkəmə instansiyalarını keçərək hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumuna qədər gedib çıxıb: “Bizim iştirakımızla Konstitusiya Məhkəməsi Plenumunun da bu vəsaitin şəhid ailələrinə və Qarabağ əlillərinə ödəməsi üçün 28 yanvar 2014-cü il tarixdə qərar verib. Amma “xırda” bir tövsiyə ilə - “Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin”. Həmin qərar verilən andan bu günə qədər şəhid ailələri və Qarabağ əlilləri dəfələrlə Milli Məclisdə olub, çoxlu sayda millət vəkilləri ilə görüşüb problemin həllinə kömək istəmişik. Lakin bu günə qədər heç bir nəticə olmayıb. Ötən ilin sonlarında Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi müzakirə olunduğu üçün şəhid ailələri və Qarabağ əlilləri tərəfindən məsələ daha da intensivləşdirildi. Nəticə olmadığından, noyabrın 28-də dövlət büdcəsinin müzakirəsinin sonuncu günü olduğundan şəhid ailələri ilə Qarabağa əlilləri Milli Məclisin qarşısına toplaşdı. Orada bir sıra millət vəkilləri ilə görüşümüz oldu. Amma bildiyiniz kimi problem həll olunmamış qalıb. Bu azmış kimi, bizi dövlətçiliyə qarşı çıxmaqda ittiham edirlər. Halbuki biz həmişə dövlətimizin, dövlətçiliyimizin yanında olmuşuq, cənab Prezidentimiz İlham Əliyevin yanındayıq!”  

“Qarabağ Əlilləri, Şəhid Ailələri və Müharibə Veteranları” ictimai birliyinin sədri Mehdi Mehdiyev dövlətin bu məsələni bir yol tapıb müsbət şəkildə həll edəcəyinə ümid etdiyini bildirib.

“Qarabağ Qaziləri” birliyinin sədri Ehtimad Əsədov da bildirdi ki, bir qrup adam müharibə insanlarının haqlarını tapdalayır, onlara çatacaq vəsaiti vermir: “Bu azmış kimi, hələ bir bu haqqını istəyən Şəhid anasını Bakı Şəhər Baş Polis idarəsinə çağırıb hədə- qorxu gəlirlər, onları dövlətə qarşı çıxmaqda ittiham edirlər. Şəhidin anasını, xanımını qorxutmaq, hədələmək lazım deyil! Onların haqqını vermək lazımdır! Kim onlara deyir ki, sən dövlətimizə, dövlətçiliyimizə qarşı çıxırsan, onlar özləri çox cılız və xəbis adamlardır?! Axı şəhidlərimiz şəhid olaraq, Qazilərimiz əzasını itirərək vətənə, dövlətə və dövlətçiliyimizə sadiq olduğunu sübut ediblər! Onlara qarşı bu ittiham əsassızdır! Mən vətənimi sevirəm, dövlətimə, dövlətçiliyimizə bağlıyam! Bu absurd iddia ilə məni kim ittiham edə bilər!? Təsəvvürünüzə gətirin: dövlət adından çıxarılan məhkəmə qərarları, Azərbaycanın ən ali məhkəmə orqanı Konstitusiya Məhkəməsinin qərarı saya sayılmır! Kağız üzərində qalıb, sığorta şirkəti əməl etmir! Bunu çeviriblər bir ötür-ötür oyununa. Axı öz haqqını almaq üçün Şəhidin anası, əzalarını itirmiş Qarabağ qazisi niyə sığorta idarəsinin, məhkəmələrin qapısında boynunu bükməlidir! Niyə? Ayıbdır ey, vallah! Azərbaycan dövləti adına ayıbdır! Konstitusiya Məhkəməsi adına ayıbdır! Şəxsən mən buna görə utanıram, xəcalət çəkirəm! Problemin həllində acizik! Gücümüz nəyə çatır onu edirik! ”

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) Fondunun rəhbəri Ədalət Məhərrəmov çıxışında məmurların Şəhid ailələrinə, Qarabağ əlillərinə yazıq kimi baxmalarına sərt etiraz etdi: “Şəhid ailəsinə, Qarabağ əlilinə yazıq kimi baxmayın! Bu insanların haqqını verin! Yazıq sizlərsiniz! Bu gün sabah vəzifədən çıxarılsanız, heç kimsiniz, heç kim! Bunu anlayın!”

“Vətən Müharibəsi Əlilləri” ictimai birliyinin sədri Firudin Məmmədov çıxışında bildirdi ki, dünya bazarında neftin qiyməti yüksək olan vaxtlarda bunu həll etməliydilər: “Amma etmədilər! İndi də deyirlər ki, buna çox vəsait lazımdır, vəsait isə yoxdur! Mən bilirəm pulu haradan tapıb vermək lazımdır Şəhidin balasına, Qarabağ qazisinə! Akif Çovdarovun, nəqliyyat naziri Ziya Məmmədovun oğlunun Londondakı villalarını satmaqla bu işin bir hissəsini həll etmək olar! Niyə olmur ki!? Burada dedilər ki, qan pulunu istəyən Şəhid ailələrini, Qarabağ əlillərini dövlətçiliyə qarşı çıxmaqda ittiham edirlər! Bax bu bayrağın üstündəki qırmızı qan var ha, bax o, Şəhidlərimizin torpağa qovuşmuş qanıdır, mənim, Qarabağ qazilərinin qanıdır! Qanı əzası torpağa qovuşmuş insanı necə dövlətçiliyə qarşı çıxmaqda ittiham edə bilərlər! Mən bunu anlamıram! Dövlət başçısı İlham Əliyev Şəhid ailələri, Qarabağ əlilləri ilə bağlı xeyli iş görüb, fərmanlar və sərəncamlar imzalayıb. Amma təəssüflər olsun ki, bir çoxu ya icra olunmur, ya da icrasında süründürməçiliyə yol verirlər!”

Müzakirələr zamanı qərara alındı ki, Şəhidlərin və Qarabağ əlillərinin ödənilməmiş sığorta pulunun verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlansın.

Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanların ailəsinə 11 min manat, Qarabağ əlillərinə isə əlilik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi həddində sığorta pulu ödənməlidir. Amma üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, şəhid ailələri və Qarabağ əlilləri bu məbləği ala bilmirlər. Hətta elə şəhid ailəsi, Qarabağ əlili var ki, əllərində bu vəsaitin sığorta şirkəti tərəfindən ödənməsi barədə məhkəmə qərarı da var.  

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi