Modern.az

“Ermənistan gündəliyi dəyişmək fikrinə düşə bilər” – AÇIQLAMA

“Ermənistan gündəliyi dəyişmək fikrinə düşə bilər” – AÇIQLAMA

19 Dekabr 2015, 13:25


Bu gün İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək.

İlham Əliyev və Serj Sərkisyanın görüşü həm cəhbədə, həm də regionda baş verən gərgin proseslər fonunda baş tutacaq.    Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az saytına açıqlamasında baş tutacaq görüşdə hansı məsələlərin müzakirə edilə biləcəyindən danışıb.    

O bildirib ki, bu görüşün keçirilməsinə hazırlıq çoxdan gedir. Əvvəl görüş Parisdə nəzərdə tutulsa da, sonradan İsveçrədə keçirilməsi qərarlaşdırıldı:

“Prezidentlər arasında baş tutacaq bugünkü görüşdə gündəmdə olan əsas məsələ Dağlıq Qarabağ problemidir. Əvvəldən deyildiyi kimi Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun geri qaytarılması məsələsi müzakirə mövzusudur. Amma ola bilər ki, Ermənistan tərəfi gündəliyi dəyişmək fikrinə düşsün və başqa məsələləri də müzakirə etməyə çalışsın.

Məsələn, təmas xəttində atəşkəs rejiminə əməl edilməsi və s. bu kimi məsələlər barədə danışıqlar aparılsın. Azərbaycan tərəfi uzun illərdir ki, apardığı danışıqlar nəticəsində 7 rayonun geri qaytarılmasına çalışır, problemlə bağlı Avropada da geniş şəkildə danışıqlar aparılıb. Ruslar da həmin danışıqlarda iştirak edib və məsələnin həllinə müsbət yanaşdıqlarını bildiriblər ”. 

Politoloq Türkiyə-Rusiya münasibətlərinin Azərbaycana təsir etmədiyi halda danışıqların nəticə verəcəyi fikrindədir:  

“Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycana təsirsiz ötüşsə, danışıqların müsbət nəticə verəcəyini gözləmək olar. Azərbaycan prezidenti danışıqlara gedibsə, deməli problemin həlli ilə bağlı gözləntilər var.

Yox əgər danışıqların heç bir nəticəsi olmazsa, deməli, Rusiya Türkiyə ilə arasında baş verən son hadisələrdən sonra Azərbaycana verdiyi vədlərin üzərindən xətt çəkib və yenə də Cənubi Qafqazdakı dondurulmuş münaqişəni elə həmin vəziyyətdə saxlamaq fikrindədir. Hər halda bugünkü görüşə ümidlər böyükdür, gözləyək görək danışıqlar necə nəticələnəcək ”.    

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqların növbəti mərhələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutacaq.  

Vüsalə QƏZƏNFƏRQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi