Modern.az

“Söhbət ABŞ maraqlarından gedirsə, sanksiya ermənilərə tətbiq edilməlidir”

“Söhbət ABŞ maraqlarından gedirsə, sanksiya ermənilərə tətbiq edilməlidir”

19 Dekabr 2015, 13:44


Milli Məclisin deputatı Vüsal Hüseynov ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Krist Smitin Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

O, Modern.az saytına açıqlamasında qeyd edib ki, bu, bir tərəfdən gözlənilməzdir, çünki hazırki münasibətlər və geopolitik durum fonunda ABŞ konqresmeninin bu addımında məntiqi görünmür və ABŞ-ın yürütdüyü xarici siyasət xəttinə uyğun deyil: “Amma digər tərəfdən həm də gözləniləndir. Çünki erməni lobbisinin ABŞ siyasətçilərinə təsiri məlumdur. Xüsusilə konqresə seçkilər ərəfəsində Kris Smitin belə addım atması təəccüblü deyil. 

Hesab edirəm ki, onun Azərbaycanla bağlı hazırladığı layihə qərəzlidir və çirkin məqsədlərə xidmət edir. Layihənin əhatə dairəsi və irəli sürülən tələblər tamamilə qəbuledilməzidir.  Ümid edirəm ki, konqresin cılız şəxsi ehtiyaclardan deyil, hər zaman ABŞ-ın milli maraqlarından çıxış edən, praqmatik düşünən üzvləri və Amerika rəsmiləri regionda əsas tərəfdaşları olan Azərbaycanın regional təhlükəsizliyə və birgə layihələrə verdiyi töhfəni anlayırlar və yol verməzlər ki, hansısı lobby qruplarının təsiri altında ikitərəfli münasiblərə əhəmiyyətli zərbə vuracaq belə bir sənəd qəbul edilsin”.

Deputat deyib ki, hətta Amerika siyasətçilərinin öz aralarında belə sanksiyaların effektiv alət olması barədə geniş fikir ayrılığı var: “Ümumən sanksiyalar ABŞ xarici siyasətində səmərəsiz alətlərdən biri hesab edilir. ABŞ-da bununla bağlı araşdırmalar da aparılıb və ABŞ tərəfindən digər dövlətlərə münasibətdə tətbiq edilən sanksiyalar az hallarda səmərəli hesab edilib.  Belə ki, indiyə qədər birtərəfli qaydada tətbiq edilən sanksiyalar həmin dövlətlərin yürütdüyü siyasətin köklü şəkildə dəyişdirilməsinə gətirib çıxarmayıb. Səbəbi isə çox sadədir. Dünya yalnız ABŞ və onun maraqlarından ibarət deyil. Dünyada çoxlu sayda alternativlər və imkanlar var. Xüsusilə nəzərə alsaq ki, sanksiyalar həm də sərt ton və kobud rəftar anlayışına gəlir, suveren dövlətlər bu yanaşmanı heç bir şəkildə qəbul etmirlər. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib və təcrübədə göstərib  ki, Azərbaycanla ultimatum dilində danışmaq, onun siyasətinə təsir etmək və öz səhv mövqeyini yeritmək qəbulediməzdir və yaxşı nəticələr vermir.

Kris Smitin fəaliyyətinin hətta səthi təhlili onun erməni lobbisinin maraqlarının ən qəti müdafiəçilərindən biri olmasını göstərir. Belə ki, yalnız son 1 il ərzində o, qondarma erməni “soyqırım”ın tanınması ilə bağlı 5 bəyanat səsləndirmişdir.  Həmçinin seçkilər ərəfəsində lobbi qruplarının maraqlarını təmin etmək və bununla da onların dəstəyini qazanmaq məqsədilə belə bəyanatların verilməsi Amerika üçün normal haldır, təəccüblənməyə dəyməz”.

V.Hüseynovun fikrincə, Kris Smit ABŞ konqresində təşəbbüs göstərdiyi qanun layihələrinin sayına görə 3-cü sıradadır: “Onun təşəbbüs etdiyi layihələrinin məzmunun nəzər yetirsək, görərik ki, müxtəlif sahələr üzrə layihələr var. Bu həm də onun göstərir ki, müxtəlif maraq qrupları ilə asanlıqla əməkdaşlıq edir.

Əgər söhbət ABŞ-nın xarici siyasət və təhlükəsizlik maraqlarından gedirsə, onda əslində sanksiya ermənilərə tətbiq edilməlidir. Belə ki, Ermənistan bu gün ki təcavüzkar  siyasəti ilə bu layihənin məqsədi kimi qeyd edilən ABŞ-nın mili təhlükəsizlik və xarici siyasət hədəflərinə  bölgədə ən çox zərbə vuran dövlətdir.  Layihənin ortaya atılmasında məqsəd hansısa məsələlərdə təsir imkanları əldə etməkdir.

Qanun layihəsində istinad edilən heç bir mənbə Azərbaycana qarşı obyektivliyi ilə seçilmir və əksəriyyəti ABŞ-nın dövlət qurumları və ya orda fəaliyyət göstərən təsisatlardır. Ona görə bir daha qeyd edirəm, bu layihə qərəzli mənbələrə istinadən hazırlanmış sifarişli qanun layihəsidir”.

Modern.az

   
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi