X.Vahidoğlu bildirib ki, yazıda istifadə edilən həmin foto onun "feysbuk" səhifəsindən götürülüb:
“Bu da göstərir ki, yazı müəlliflərinin qarşı tərəfin fikirlərini öyrənmək üçün bütün imkanları olsa da, onlar öz işlərini böhtan atmaqla yekunlaşdıraraq bunu etməyiblər. Aydınlıq üçün bildirim ki, həmin foto sözügedən seminardan üç ay sonra bu ilin oktyabrında mənim Amerika Birləşmiş Ştatlarına səfərim zamanı çəkilib. Səfər “Açıq Dünya Proqramı” çərçivəsində reallaşıb və jurnalist fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Bu səfərin (21-31 oktyabr 2015-ci il) məqsədi ABŞ-da qaçqın və məcburi köçkünlərlə (təbii fəlakətlər nəticəsində - X.V) bağlı həyata keçirilən proqramlarla tanışlıq və bu təcrübənin oyrənilməsi olub. Həmin səfərə Azərbaycanın regionlarında məcburi köçkünlərlə ən çox işləyən vətəndaş cəmiyyəti nümayəndəsi kimi dəvət olunmuşam. Səfər çərçivəsində isə qaçqın və məcburi köçkünlərin məşğulluğunun artırılması, onların sosial vəziyyətinin, təhsil imkanlarının artırılması ilə bağlı bir sıra maraqlı məlumatlar əldə etmək imkanımız olub. Həmçinin, keçirdiyimiz bütün görüşlərdə Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi və bu münaqişə nəticəsində öz evlərini tərk edən bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğu barədə ABŞ təmsilçilərinə məlumat vermək şansı əldə etdik. Həmçinin, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi müsbət təcrübəni bölüşdük. Belə olan halda imzasını belə gizli saxlayaraq, şərti adla qarayaxma kampaniyası aparılmasının özü ancaq ikrah hissi doğurur”.
Modern.az