Noyabrın 26-da Nardaranda polislə dindarlar arasında baş verən silahlı qarşıdurmada yaralanan 3 nəfər yaralı Sabunçu Klinik Xəstəxanasından çıxarılıb. Modern.az saytı xəbər verir ki, bu barədə musavat.com məlumat yayıb.
Məlumata görə, polislə silahlı qarşıdurma zamanı yaralanan 1997-ci il təvəllüdlü Cahad Balakişizadə, 1987-ci il təvəllüdlü Bəhruz Əsgərov və 1983-cü il təvəllüdlü Şamil Abduləliyev müalicələri başa çatdığı üçün xəstəxanadan çıxarılıblar. Lakin onların hara aparılması haqda dəqiq məlumat yoxdur.
Yaralıların xəstəxanadan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən çıxarıldığı bildirilir.
Qeyd edək ki, dekabrın 4-dən xəstəxanaya giriş-çıxış polis nəzarətində idi. Hətta bir neçə gün xəstəxanaya yalnız xəstələr buraxılırdı. Digər bir yaralı - 1977-ci il təvəllüdlü Əbülfəz Heybət oğlu Bünyatovdan isə xəbər yoxdur. O, Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alırdı.
Qeyd edək ki, Nardarandakı əməliyyat Əbülfəz Bünyatovun evində keçirilmişdi. Əməliyyat zamanı Ə.Bünyatovun iki qardaşı- Fərail və Rəfael qardaşları öldürülmüşdü. Polislə toqquşmada həmçinin Masallı rayon sakini Sərvan Səfərov və Nardaran sakini Əkbər Babayev də öldürülmüşdü.
Silahlı qarşıdurmada iki polis əməkdaşı da dünyasını dəyişmişdi.
Xatırladaq ki, dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir.
Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılanlar var.
Modern.az