Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılov rəsmən müflis elan edilib. Bununla da milyarder mülklərinin demək olar hamısını itirib.
Modern.az Telman İsmayılovla yaxın əlaqələri olan sabiq deputat Aydın Abbasovdan onunla əlaqə saxlayıb-saxlamadığını öyrənməyə çalışıb.Aydın Abbasov bildirib ki, Telman İsmayılovla mütəmadi olaraq danışır və onun müflisləşməsi barədə aralarında söhbət olmayıb:
“Telman İsmayılov mənim üçün böyük qardaş kimidir. Tez-tez onunla danışıram və bizim bu məsələlərlə bağlı, ümumiyyətlə, müzakirəmiz olmayıb”.
Aydın Abbasov keçmiş milyarderlə söhbətlərində “hər şey yaxşıdır” cavabını aldığını vurğulayıb: “Ümumiyyətlə, bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrindən xəbər tuturam. Özü ilə də bununla bağlı danışmamışam, belə söhbətimiz olmayıb. Soruşanda “nə var, nə yox, nə məsələdir”, deyir ki, “fikir vermə”. Mən də dərinliyinə getmirəm. Hər şey yaxşıdır, ciddi məsələ olsaydı, ən azından deyərdi, xəbərim olardı”.
Moskva Arbitraj Məhkəməsi Çerkizov bazarının keçmiş sahibi olan Azərbaycan əsilli biznesmen Telman İsmayılovu rəsmən müflis elan edib. Müflis olmaqla bağlı prosedur kreditor Boris Zubkovun 19 noyabrda məhkəməyə şikayət ərizəsi ilə müraciət etməsindən sonra başlamışdı.
“Forbes” jurnalının Rusiya versiyası Telman İsmayılovun şəxsi sərvətini 2015-ci ilin yazı üçün 600 milyon dollar civarında qiymətləndirmişdi.
Aytən ZƏHRA