“Keçən həftə Nardaran ağsaqqalları ilə görüşmüşəm, onları dinləmişəm. Əgər müraciət olarsa, bu həftə sonu yenidən görüşəcəyəm”.
Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Eldar Quliyev deyib. O qeyd edib ki, Nardaranda bütün problemlər həll edilir və orada abadlaşma aparılır: “Prezident İlham Əliyev Nardaran üçün 12 milyon ayırıb. Buna uyğun abadlaşma aparılır, yollar təmir olunur. Evləri əksəriyyətinə qaz və elektrik sayğacları qoyulub.
Qaz çəkilməyən evlər üçün aidiyyatı qurumlarla danışmışam, bu problem də öz həllini tapacaq. Nardaranda elə bir müraciət yoxdur ki, həll edilməmiş qalsın. Kənd nümayəndələri ilə görüşərkən bir-iki nəfərin şəxsi xahişlərini də yerinə yetirilməsinə kömək etməyə çalışdıq”.
Eldar Quliyev kəndlilərin yeganə narahatlığının tutulan şəxslərlə bağlı olduğunu bildirib: “Hüquq-mühafizə orqanları araşdırma aparır, nəticəsi yaxınlarda bilinəcək. Məscidlər fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməlidirlər. Bunun üçün isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edilməlidir.
Mən Mübariz Qurbanlı ilə danışdım, bildirdi ki, müraciət etsinlər və qeydiyyatdan keçirək”.
Deputat bildirib ki, Nardaran üçün vacib məsələlərdən biri də yeni iş yerlərinin açılmasıdır: “Yəqin ki, bu da öz həllini tapacaq”.
Aytən ZƏHRA