Bakı Şəhər Prokurorluğu liftdə baş verən qəza ilə bağlı məlumat yayıb. Prokurorluqdan Modern.az saytına verilən məlumatda bildirilir ki, dekabrın 23-də saat 08:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Yeni inşaat” MTK-ya məxsus yaşayış binasının liftində yaranmış nasazlıqla əlaqədar çoxsaylı insanların xəsarət almasına görə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə zamanı 13-cü mərtəbədən şaxtaya düşən liftdə olan 9 sakindən 7 nəfəri - Camal Abışov, Günay Abışova, Nəzrin Məmmədova, Humay Əfəndiyeva, Xalıq Məmmədov, Niyaz Məmmədov və Oruc Baxşəliyevin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkmiş şəxslərdən X.Məmmədov, N.Məmmədov və O.Baxşəliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış, digərlərinin isə müalicəsi davam etdirilir.
Prokurorluq və polis orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin və “Baklifttəmir” İstehsalat Birliyinin mütəxəsislərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Cinayət işinin istintaqı nəzarətə götürülməklə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.