““Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülü»ndə baş vermiş qəzanı respublikanın bütün ictimaiyyəti kimi Azərbaycan Həmkarlar İttifaqları da böyük üzüntü ilə qarşılayıb.
Hadisə baş verdiyi ilk gündən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), o cümlədən sahə həmkarlar ittifaqının rəhbərliyi qəza nəticəsində həlak olmuş, itkin düşmüş neftçilərin ailələrinin dərdinə şərik olub, xilas edilmiş neftçilərin problemlərinin həllinə köməklik edilməsi məqsədilə müvafiq addımlar atıblar”.
Bu açıqlamanı Modern.az saytına AHİK-in mətbuat xidməti verib.
Bildirilib ki, AHİK-in sədri, millət vəkili S.Mehbalıyev başda olmaqla Konfederasiyanın rəhbərliyi xəstəxanada müalicə olunan neftçiləri ziyarət edib, öz imkanları çərçivəsində tabeliyində olan müalicə sağlamlıq mərkəzlərində onların sağlamlığının bərpa edilməsi üçün imkan yaradılacağı neftçilərin nəzərinə çatdırılıb.
Öz növbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi «Günəşli» yatağındakı 10 saylı Dərin Dəniz Özülü»ndə baş vermiş qəza nəticəsində həlak olan, itkin düşən və xilas olunan neftçilərə birdəfəlik maddi yardım verilməsi barədə qərar qəbul edib. Qəbul edilmiş qərara müvafiq olaraq qəza nəticəsində «Günəşli» yatağında həlak olan 7 nəfərin və itkin düşən 23 nəfərin, «Neft Daşları»nda itkin düşən 3 nəfərin hər birinin ailəsinə 1000 (min) manat, xilas olan 33 nəfər neftçinin hər birinə isə 500 (beş yüz) manat, ümumilikdə isə 49500 (qırx doqquz min beş yüz) manat məbləğində birdəfəlik maddi yardım göstərilib.
İsa Hacıyev