Modern.az

Ziyalılar Ağadadaş Ağayevdən danışdılar: “Bu, düşüncəsizliyin göstəricisidir” - SORĞU

Ziyalılar Ağadadaş Ağayevdən danışdılar: “Bu, düşüncəsizliyin göstəricisidir” - SORĞU

24 Dekabr 2015, 11:19

Xalq artisti Ağadadaş Ağayev dolların qalxmasına münasibət bildirərkən əhalini qıcıqlandıracaq, bahalaşmanı dəstəkləyən sözlər deyib. Müğənninin “dollar əcəb edib qalxıb”, “onun qalxmasına çox sevinirəm” ifadələr bu gün  iqtisadi çöküşün panikasında olan ictimaiyyətdə qıcıq yaratmaya bilməzdi. Doğrudur, müğənni sonradan sözlərinin təhrif olunaraq yazldığını deməyə cəhd göstərsə də, artıq ox yaydan çıxmışdı.

Ağadadaş Ağayev kimi tanınmış  simaların belə kritik vaxtlarda bu cür danışmalarına ziyalıların münasibəti necədir?
Modern.az saytı ziyalı kəsimin nümayəndələrindən bu suala cavab istəyib...

Cavanşir Yusifli, filologiya elmlər doktoru, ədəbi tənqidçi: “Bu, harınlığın yox, düşüncəsizliyin, düşünə bilməməyin göstəricisidir. Belə bir çox ciddi problemi bu şəkildə mənalandırmaq gülüncdür, üstəlik primitivlik və bəsitlikdir, mən "yaramazlıq" sözünün burada işlənməsini istəməzdim”.

Elşad Paşasoy, “Yeni müsavat” qəzetinin əməkdaşı: “Mənim məlumatıma görə, Ağadadaş Ağayev fikirlərinin təhrif olunduğunu deyib. Bu mənada məsələnin əvvəlcə jurnalist və xalq artisti arasında aydınlaşmasına ehtiyac var. Mən Ağadadaş Ağayevi intellekt sahibi olan sənət adamı kimi tanıyıram. Buna görə də onun ciddi şəkildə ölkədə sadə vətəndaşdan prezidentə qədər hər bir kəsi narahat edən məsələyə - manatın dəyərdən düşməsinə sevinəcəyinə inana bilmirəm. Ola bilər ki, ya fikirlər düzgün ifadə olunmayıb, yaxud da düzgün anlaşılmayıb. Bu da var ki, müğənnilər də toylara manatla "qiymət oxuyur". Deməli, onların da kisəsindən gedib və bu mənada xalq artistinin dolların bahalaşmasını toy-bayramla qarşıladığını zənn etmirəm”.

Aqşin Yenisey, şair: “Biz insanın söz və fikir azadlığı haqqında beynəlxalq konvensiyaya qol çəkmişik. Əgər Ağadadaş müəllimi hərzə-hədyan danışıb, pərəstişkarı olan xalqın xətrinə dəydiyinə görə, cəzalandırmaq istəyiriksə, gərək onun adını o konvensiyadan çıxaraq. Yoxsa bu istənilən halda insan haqlarına zidd addım kimi başa düşüləcək. Halbuki, biz bu cür danışığını bilməyən "müəllimlərimizi" cəzalandırmaqla heç kimin hüququnu pozmaq fikrində deyilik. Əksinə, söz və fikir azadlığının yerini dar edənlərin sayını azaltmaq istəyirik”. 

Əli Əhmədov, “fins.az” saytının baş redaktoru: “Mən burada pis bir şey görmürəm. Hərə öz fikrini deyib. Ağadadaş Ağayev də o cümlədən. Nə problem var ki? Ayrı-ayrı adamların bir məsələyə münasibəti fərqli ola bilər. Onun münasibəti belədir”.

Elçin Zahiroğlu, “aznews.az” saytının baş redaktoru:
“Cəza kəsilməsi mümkündürsə, ilk növbədə linc etmə mütəxəssislərinə kəsmək lazımdır. Biri ağzını aça bilmir bu adamların əlindən. Kimisə fikrinə görə qınamaq, təhqir eləmək ədəbsizlikdir. Ağadadaş nazir deyil, siyasi xadim deyil, pulun məzənnəsinin düşüb-qalxmasına hər hansı təsir imkanına malik şəxs deyil ki, onun fikri bu qədər qıcıq doğursun. İndi bu belə fikirləşib belə də deyib, buna görə onu daş-qalaq etməyin mənası nədir?!  Reaksiyalar elədir ki, elə bil, dolları başımıza qaldıran, manatımızı yerə vurub çilik-çilk edən Ağadadaşmış. Onun dediklərini əlbəttə bölüşmürəm, amma ona qarşı bu qədər aqressivliyi də qəbul etmək olmaz. Adamlar sanki pusquda durub ki, bir “quş” buraxsın hamı getsin onu tutmağa”.

Gündüz Əlizadə, Almaniyada yaşayan azərbaycanlı rəssam: “Əslində bu cür düşünən, xalqın ağır durumuna sevinən tək o deyil . Varı, pulu olan bu zümrə sahibləri özlərini fərqli görmək istəyir və başqalarının ağır durumundan xoşlanaraq yaşamaqdan zövq alırlar”.

Elmin Nuri 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM