Modern.az

Əli Hüseynli Rövşən Rzayevin ABŞ-la bağlı qanun layihəsini dəstəklədi

Əli Hüseynli Rövşən Rzayevin ABŞ-la bağlı qanun layihəsini dəstəklədi

24 Dekabr 2015, 12:21

“ABŞ-dan Azərbaycana qarşı yönələn təhdidlərə adekvat cavab veriləcək”

Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun Milli Məclisdə keçirilən növbəti iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini,  Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı hazırladığı qanun layihəsini təqdim edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az saytına açıqlamasında komitənin Rövşən Rzayevin bu mövqeyini dəstəklədiyini deyib.

O, bildirib ki, ilk növbədə komitə Rövşən Rzayevi dəstəkləyir ki, o, Dağlıq Qarabağ icmasının İdarə Heyətinin üzvü olaraq bunu edir:  

“Biz komitə olaraq onun bu addımını dəstəkləyərək təqdirəlayiq hal kimi qiymətləndiririk. Çünki son dövrlər ABŞ-dakı bəzi dairələrin, erməni lobbisinin təsiri altında olan şəxslərin, konqresmenlərin fəaliyyəti daha da aktivləşib. Azərbaycan prezidenti Qarabağ probleminin həlli istiqamətində çox ciddi addımlar atır. Ordumuzun cəbhə bölgəsində ciddi uğurları var. Təəssüf ki, belə bir vaxtda erməni lobbisinin, ABŞ-dakı bir sıra dairələrin təsiri altında Azərbaycanda insan haqları sahəsində vəziyyətin yaxşı olmaması barədə fikir yaradılır. Biz bilirik ki, bu, nə məqsədlə edilir. Fikir formalaşdırmaq istəyirlər ki, Dağlıq Qarabağda ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, çünki Azərbaycanda insan haqları pozulur”.

Əli Hüseynli onu da bildirib ki, ABŞ-ın Yaxın Şərqdə, xüsusən də müsəlman əhaliyə qarşı həyata keçirtdiyi siyasət insan hüquqlarının pozulmasına gətirib çıxarıb. Belə olan halda ABŞ Dağlıq Qarabağın işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiə edilməsi ilə necə məşğul ola bilər: “Təəssüf ki, ABŞ-ın bu siyasəti onların bəyan etdikləri məramla üst-üstə düşmür. Düzdür, ABŞ ilə Azərbaycan strateji müttəfiqdir. Bizim hərbi əməkdaşlığımız mövcuddur. Azərbaycan əsgərləri Əfqanıstan və İraqda terror əleyhinə əməliyyatlarda iştirak edirlər. Eyni zamanda, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığımız da uzun illərdir davam edir. Bu sahədə ortaq bir çox digər layihələrimiz mövcuddur ”.

Əli Hüseynlinin fikrincə, əgər ABŞ-da müvafiq komitədə, daha sonra isə Konqresdə Kristofer Smitin təqdim etdiyi qanun layihəsi qəbul olunarsa, Azərbaycan da paralel addım atacaq: “Əminəm ki, Milli Məclis üzvləri də bu addımları dəstəkləyəcək. Hesab edirəm ki, müasir dövrdə dövlətlərin böyük-kiçikliyi onun nə ərazisinin həcmi, nə də xalqının sayı ilə ölçülür. Onun böyük- kiçikliyi bölgədə tutduğu mövqe və təsir dairələri ilə ölçülür. Hər kəs bilməlidir ki, Azərbaycan bütün bu resurslara malikdir. Doğrudur, indiyə qədər bu cür qanun layihələrini daha böyük dövlətlər hazırlayıblar, amma bu addımı atmaqla həm də öz ictimaiyyətimiz üçün nümayiş etdiririk ki, bizə qarşı yönələn bütün təhdidlərə, fərqi yoxdur, təhdidi edən hansı dövlətdir, bu məsələdə tam adekvat addımlar atacağıq”.

Aytən Zəhra

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM