Baş Prokurorluq Sumqayıt Apellyasiya Məhkəməsinin hökmündən protest verib.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yetkinlik yaşına çatmayan 4 nəfər Abşeron rayon sakin inin Cinayət Məcəlləsinin 150 (seksual xarakterli zorakılıq hərəkətləri) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir şəxs 6 il 6 ay, digərlərinin hər biri isə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.
Müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2015-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 150-ci maddəsinə dair hissəsi ləğv edilərək həmin hissədə təqsirləndirilən şəxslərə bəraət verilib, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə bir məhkumun üzərində 5 il 6 ay, digərlərinin üzərlərində isə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Baş Prokurorluq hökmdən Ali Məhkəməyə kassasiya protesti verib.
Modern.az