Modern.az

Təhsil Nazirliyi: ““2” alan məzunların sayı 14% azalıb”

Təhsil Nazirliyi: ““2” alan məzunların sayı 14% azalıb”

Təhsil

25 Dekabr 2015, 12:33

“Son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunlar arasında “2” qiymət alanların sayı azalmaqdadır”. Modern.az saytı xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2015-ci il üzrə hesabatında qeyd edilib. Məlumatda bildirilir ki, 2012-ci il illə müqayisədə 2015-ci ildə IX sinif məzunları arasında “2” alan şagirdlər üzrə göstərici 14% azalıb.

“Bu, ümumi təhsil səviyyəsi üzrə təhsilin keyfiyyətində müsbət dəyişikliklərin olmasını deməyə əsas verir. Son 1 ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda ən yüksək nailiyyət əldə edərək, 22 medal qazanıb”.

Eyni zamanda 2015-2016-cı tədris ili üzrə ümumi təhsil məktəblərinin 15 nəfər məzunu ali məktəblərə qəbul imtahanlarında maksimum–700 bal toplayıb.

Müasir peşə standartları əsasında təlimlərdən keçmiş 357 nəfər ümumi təhsil məktəblərinə direktor təyin olunub. 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlərin 131 nəfəri qızıl, 21 nəfəri gümüş medala layiq görülüb.

Məlumatda eyni zamanda il üzrə məktəbdənkənar fəaliyyətlə bağlı hesabatda yer alıb. Belə ki, Təhsil Nazirliyi tərəfindən “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, yüngül atletika, akrobatika və bədii gimnastika) məktəblilərarası zona yarışları keçirilib.

Birinci Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlər olub. Onlar 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparıblar. Təhsil Nazirliyinin "Təhsil" Respublika İdman Mərkəzinin tabeliyində olan idman məktəblərinin yetirmələri 143 respublika birinciliyi, çempionat, turnir, festival və digər kütləvi idman yarışlarında iştirak edib. İdmançılar respublika yarışlarında 350 qızıl, 248 gümüş, 364 bürünc, beynəlxalq yarışlarda isə 87 qızıl, 76 gümüş, 141 bürünc medal qazanıblar. Beləliklə, idmançılar ümumilikdə 437 qızıl, 324 gümüş və 505 bürünc medal əldə ediblər.

Tailandın Pattaya şəhərində keçirilən Məktəblilərin Şahmat üzrə Dünya Çempionatında Azərbaycanın məktəbli şahmatçıları ümumilikdə 4 qızıl medal qazanaraq, komanda hesabında 34 ölkə arasında 2-ci yerə layiq görülüblər.

Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələri Gürcüstanda keçirilən “Tbilisi-2015” XIII Avropa Gənclərinin Olimpiya Festivalında cüdo üzrə idman yarışlarında uğur qazanıblar. Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, sərbəst güləş yarışlarının ötənilki dünya və Avropa çempionu Hacı Əliyev dünya çempionatında qızıl medal qazanıb. İdmançılarımız Beynəlxalq Məktəbli Festivalında 12 ölkənin məktəbli komandaları arasında 7 idman növü üzrə 12 medal qazanıblar.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü