Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub.
Modern.az saytının strateq.az-a istinadən verdiyi məlumata görə kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb. Bu məsələ ilə bağlı Ali Məclis sədri tapşırıq verib ki, Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı Vahid Əhmədov Modern.az saytına açıqlamasında deyib ki, qərar doğrudur, amma bu, Naxçıvandakı bankların hamısına şamil edilməyib: “Qərar yalnız “Naxçıvanbank”a aiddir. Çünki Bakıdakı bankların Naxçıvandakı filiallarına şamil edilməsi mümkün deyil”.
Bununla belə deputat oxşar qərarın bütün ölkədə tətbiqi oluna biləcəyini mümkün sayır:
“Biz 10 min dollara qədər krediti olan vətəndaşların borcları əvvəlki qaydada ödəməsi barədə təkliflərimizi vermişik. Qərar razılaşdırılıb, hazırda Mərkəzi Bankda məsələyə baxılır. Yəni 10 min dollara qədər olan kredit borcları 1 manat 5 qəpik səviyyəsində ödənilə bilər”.
Gülşən RAUFQIZI