Modern.az

“Hacı Əbdül dünyanın inkişafından çox geridə qalıb”

“Hacı Əbdül dünyanın inkişafından çox geridə qalıb”

28 Dekabr 2015, 12:12


“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Modern.az-a müsahibəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun mətbuatdakı dinlə bağlı çıxışlarına münasibət bildirərək deyib: “Sərdar Cəlaloğlu maskalanmış vəhhabidir”.

ADP sədri isə Modern.az-a açıqlamasında  Hacı Əbdülün fikirlərinə kəskin cavab verib.

“Hacı Əbdül nə din xadimi, nə siyasi xadim, nə də ictimai xadimdir”,-deyə o bildirib.

Sərdar Cəlaloğlu  ünvanına səslənən “maskalanmış vəhhabi” məsələsinə də toxunub.

“Mən demişəm ki, şiəlik səhvdir, sünnilik düzdür?! Desəydim ki, şiəlik səhvdir, sünnilik düzdü, o zaman məni vəhhabi adlandırmağı doğru olardı. Hərə bir təriqət yaradıb gedib yapışıb “Quran”ın bir ayəsindən, özünə sərf edən şəkildə məna çıxarır deyir, mən düz yoldayam. Bunların hamısı yanlışdır. “Quran”dan başqa yol yoxdur. Allahdan başqa alim yoxdur.  Mən demişəm ki, şiəlik, sünnilik, vəhhabilik bir sözlə, bütün təriqətlər Allahın düz yolunun əyilməsidir. 

Hacı Əbdülün vəhhabilik təriqəti haqqında cəsarət edib demədiklərini demişəm. Vəhhabiliyin nə qədər yanlış olduğunu, İblisin yolunu tutduqlarını söyləmişəm”.

ADP sədri dinlə bağlı dediyi fikirlərin dünya alimləri tərəfindən təsdiqini tapdığını də söyləyib.

“Mətbuatda son vaxtlar səsləndirdiyim fikirlər təsdiqini tapır. Dünən İranda bütün İslam dövlətlərinin liderləri İran prezidenti Həsən Ruhaninin başçılığı altında bir yerə toplaşaraq, məqaləmdə dediyim “Peyğəmbər aramızda olan kimi bütün məzhəblərdən imtina edək, İslamı birləşdirək” fikirlərini müzakirə ediblər.

Ruhani də başda olmaqla ora toplaşan bütün dünyanın din xadimləri Hacı Əbdül dediyi adamlardır. Dediyim fikirlər bir aydan sonra İranda işə başlayan İslam ölkələrinin dini rəhbərlərinin konfransında müzakirə olunub. Konkret olaraq məsələ belə qoyulub. “Gəlin təriqət və məzhəb fərqlərindən imtina edək, vahid İslamın dəyərlərini müdafiə edək. İslam dünyasında qan tökülməsinin qarşısını alaq.

Hacı Əbdül həddindən artıq dünyanın inkişafından geridə qalıb. Hacı Əbdülü tərəzinin bir gözünə, dünənki konfransda iştirak edən dünya alimlərini də digər gözünə qoyanda, baxın görün, kimin fikirləri doğrudur?! İndi bu Hacı Əbdül nə demək istəyir?! İslamı parçalayaq, insanları qarşı-qarşıya qoyaq?! Suriyadakı, İraqdakı kimi təriqət müharibəsi getsin?!”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü