Bu haqda Modern.az saytına onun hüquqlarını müdafiə edən Cavad Cavadov məlumat verib: “Yanvarın 6-da Taleh Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayətinə baxılacaq. Prosesə sədrliyi hakim Babək Pənahov edəcək”. C.Cavadov deyib ki, Taleh Bağırovun elementar hüquqları təmin olunmur:
“Vəkili olaraq onunla görüşə bilmirəm. Ailə üzvləri tərəfindən pal-paltar, sovqat qəbul olunmur.
Bundan əlavə qanunla həbs qətimkan tədbiri seçiləndən sonra şəxs 24 saatdan artıq müvəqqəti saxlanma təcridxanasında saxlanıla bilməz. Amma müvəkkilim bir aydan çoxdur ki, qanunsuz olaraq orada saxlanılır”.
Qeyd edək ki, vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Gülşən RAUFQIZI