Dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsilin ləğvi ilə bağlı məlumat yayılıb. Manatın devalvasiyası zamanı belə xəbərin yayılması birmənalı qarşılanmasa da, insanların əksəriyyəti sevindi.
Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələnin heç də belə olmadığını vurğulayıb: “Mediada çalışan hörmətli həmkarlar! Sürətlə belə xəbər yayılmağa başlayıb ki, ödənişli təhsil ləğv olunur. Ancaq qeyd edirəm ki, belə deyil. Söhbət ödənişli qəbul yerlərinin ləğvindən gedir. Bu nə deməkdir? Öncə qeyd edim ki, bu gün ali təhsil sistemində plan yerləri 2 qayda üzrə - dövlət sifarişi və ödənişli əsaslarla formalaşır.
Bu gün əgər şərti adı A olan universitet ödənişli qəbulla 50 nəfər qəbul edə bilirdisə, növbəti ildən həmin universitetin infrastruktur, müəllim heyəti, tədris proqramları, innovasiya keyfiyyəti, idarəetmə çevikliyi imkan verərsə, say arta bilər və limit həmin keyfiyyətə görə müəyyənləşə bilər. Nəticə etibarilə həmin A universiteti 50 nəfər deyil, daha çox tələbə qəbul edə bilər”.
Cəsarət Valehov qeyd edib ki, ali məktəblərdə ödənişli əsaslarla plan yerlərinin strategiyaya uyğun olaraq, gələn ildən ləğv edilməsi nəzərdə tutulub: “2016-2017-ci tədris ilindən qəbul zamanı artıq bu mexanizm tətbiq olunacaq. Hazırda işlənilən mexanizm ilk mərhələdə bütün ölkə üzrə tətbiq olunacaq və bütün ali məktəblərdəki ödənişli plan yerlərinə şamil ediləcək”.
Aytən ZƏHRA