“Bu gün Azərbaycanın böyük sənətkarı Zeynəb xanımın ad günüdür. Gəncliyimdən bu günə həyatımda ən çox sevdiyim sənətkar Zeynəb xanım olub. Bu illər ərzində millətimizin çox dəyərli, sevimli sənətkarları olub, ancaq millətimizin Zeynəb xanıma olan sevgisinin əhatəliyi və uzunömürlülüyü heç kimdə olmayıb desəm yanılmaram”. Modern.az saytı xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov öz feysbuk səhifəsində yazıb.
Aslan İsmayılov daha sonra vurğulayıb ki, milyonlarla azərbaycanlının milli mənliyinin formalaşmasında, milli musiqiyə məhəbbətinin aşılanmasında Zeynəb xanımın rolu əvəzedilməzdir: “Azərbaycan adlı məmləkətin, xalqın dünyada tanınmasında da yenə Zeynəb xanım əvəzedilməzdir. Rusiyanın Krasnodar şəhərində gənc yaşlarımda, həyatımın çətin anlarında Zeynəb xanımın mahnıları olan plastinkanı saatlarla dinləyib, Azərbaycana qayıdacağım haqqında xəyallar qurmaq həmişə ruhuma bir məlhəm olub. Dünyanın bir çox ölkələrində qonaq olduğum ailələrdə, o cümlədən qeyri azərbaycanlı ailələrində Zeynəb xanımın ifasını dinləmiş və azərbaycanlı olduğumdan hər dəfə qürur duymuşam. İlk dəfə ABŞ-da olarkən Bruklində amerikanlıların istirahət etdikləri restoranda Zeynəb xanımın ifasını eşidəndə keçirdiyim hissləri heç vaxt unutmaram. Bu gün də hər dəfə Zeynəb xanımın səsini eşidəndə o günlər yadıma düşür və hər dəfə özünə demək imkanım olmasa da içimdə demişəm ki, "Zeynəb xanım, Uca Allah Sizi qorusun, nə yaxşı ki, o illər olubsunuz, ən çətin anlarımda mənə öz mahnılarınızla, məlahətli, əvəzedilməz səsinizlə mənəvi dayaq olubsunuz".
Bu gün də deyirəm: "Zeynəb xanım, nə yaxşı ki, bu gün də varsınız, əgər Siz olmasanız Milli Məclisdə kim cürət edib Məhəmməd Əmin Rəsulzadəni yada salardı, kim xalqı Xəzər dənizinə həsrət qoymuş azğınlara irad bildirərdi?" Hər dəfə Zeynəb xanımı dinlədikcə onun Vətəninə, xalqına olan məhəbbətinə, ətrafımızda bu qədər qeyri-səmimilik olduğu halda onun saflığına heyran olmamaq mümkün deyil. Bu gün, Zeynəb xanımın mahnılarında Azərbaycan haqqında dediklərini təkrarlayıb deyirəm: Yaşa, Yarat Zeynəb xanım!
Modern.az