Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli və bu ətrafdakı bir neçə kənd sakinlərinin qış günlərində üzləşdiyi problem barədə bir neçə dəfə məlumat verilib. Bununla bağlı müxtəlif dövlət qurumlarının münasibətini də öyrənmişdik. Məsələ ondadır ki, bu kəndlər dağlıq ərazidə yerləşdiyi üçün qış fəsli bu yaşayış məntəqələrində çox sərt keçir. Ona görə də insanlar qışda qızınmaq üçün oduncaqdan istifadə etmək məcburiyyətində qalırlar.
Bu kəndlərdə daha çox Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb. Qəribəsi odur ki, illərdir ətraf kəndlərə gedən qaz xətti Qaraçınar kəndinin keçsə də bu kəndə qaz verilmir.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az saytına deyib ki, sözügedən kəndlərə qazın verilişi növbəti ilin əvvəlində reallaşacaq: “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-noyabr ayları ərzində 392 yaşayış məntəqəsi təbii qazla təmin edilib.Digər rayonlarda da qazlaşdırmanın təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Goranboy rayonun Qaraçinar kəndinin qazlaşdırılması layihəsi çərçivəsində Meşəli və Yenikənd kəndlərində də işlər yekunlaşmaq üzrədir.
Növbəti ilin əvvəlində qeyd olunan kəndlərə mavi qaz veriləcək. Hazırda Səmədabad, Qaramusalı, Sarab, Kələki, Yolpaq, Goranlı, Xınnalı, Əhmədabad, Şıxlar və digər kəndlərdə də tikinti-quraşdırma işləri aparılır”.
Gülşən RAUFQIZI