Modern.az

İcra başçısı Həmrəylik Günü münasibətilə köçkünlərlə görüşdü

İcra başçısı Həmrəylik Günü münasibətilə köçkünlərlə görüşdü

29 Dekabr 2015, 11:00

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Horadiz şəhərində, o cümlədən Bakı və Sumqayıtda məskunlaşmış rayondan olan məcburi köçkünlərlə görüş keçirib. Bakıda keçirilən görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova da iştirak edib. Bakı şəhərində keçirilən görüşə Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış rayondan olan şəhid ailələri, Qarabağ müharibəsi veteranları, imtiyazlı ailələr və ziyalılar qatılıb.

İcra başçısı Alı Alıyev tədbirdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb. O, Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini vurğulayıb.  

“Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda, Şuşada, Füzulidə dalğalanmasıdır. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”,-deyə icra başçısı bildirib.

Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova rayon sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ili münasibəti ilə təbrik edib. B.Muradova 2015-ci ilin respublika və Füzuli rayonu üçün uğurlarla, əlamətdar hadisələrlə yadda qaldığını, 2016-ci ildə də bu uğurların davam edəcəyinə inandığını vurğulayıb.  
Görüşdə rayon sakinlərinin müraciət və təklifləri dinlənilib, məcburi köçkünlər tərəfindən qaldırılan məslələrə baxılaraq yerindəcə həll edilib,  digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülüb aiddiyati üzrə göndərilib.

Horadiz şəhərində keçirilən bayram şənliyində Milli Qəhrəman anası Xurşud Babayeva, şəhid anası Rəfiqə Novruzova, Qarabağ müharibəsi veteranı, I qrup əlil Məmməd Tağıyev çıxış edərək respublikada və Füzuli rayonunda şəhid ailələrinə Qarabağ müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və xanımına minnətdarlıqlarını bildiriblər.

Sonra bayram süfrəsi açılıb, rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı olub.















Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü