Azərbaycanın rus icmasının sədri, deputat Mixail Zabelin kəlbəcərli girovlarla bağlı danışıb. Deputat Ermənistan tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması üçün Rusiya prezidenti Vladimir Putinə etdiyi müraciət barədə Modern.az-a açıqlama verib.
“Moskvaya etdyimiz müraciətə cavab gəlmədi. Yalnız Rusiyanın səfiri mənə dedi ki, Dilqəm Əsgərov Rusiya vətəndaşı olduğu üçün onlar bu məsələ ilə məşğul olacaqlar. Amma bildiyiniz kimi, bir müddət sonra Ermənistanda rusiyalı əsgər xeyli insan öldürdü. Həmin situasiyada Dilqəm Əsgərovun azad olunması ilə bağlı məsələ arxa plana keçdi. Düşünürəm ki, ikinci dəfə məsələ ilə bağlı müraciət etməyin mənası yoxdur”.
Qeyd edək ki, azərbaycanlı girovların azad edilməsi üşün indiyədək bir neçə dəfə Azərbaycandan Rusiya tərəfinə müraciət ünvanlanıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş bölgəsinə - öz doğma torpaqlarına səfər edərkən Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onlarla birgə getmiş digər azərbaycanlı Həsən Həsənov isə qətlə yetirildikdən sonra meyiti Azərbaycana qaytarılıb.
İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
Aytən ZƏHRA