Türkiyənin Adana şəhərində H1N1 virusu (donuz qripi) şübhəsi ilə müalicə olunan üç nəfər dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, onlardan 2-si Suriya vətəndaşı, biri isə türk vətəndaşı olub. Adana valisi Mustafa Böyük, ölən 3 nəfərdən alınan qan nümunələrini araşdırıldığını, hələ ki, ölüm səbəbinin qəti olaraq "donuz qripi" olduğunu deyə bilməyəcəyini söyləyib.
Adanadakı Təhsil və Araşdırma Xəstəxanasına ötən həftə təcili yardımlar 45 xəstə yüksək temperatur şikayəti ilə daxil olub. İlk müayinədən sonra onlardan xəstələrdən 6-sı donuz qripi şübhəsi ilə xəstəxanada müalicəyə götürülüb.
Donuz qripi şübhəsiylə müalicə edilən Türkiyə vətəndaşı 4 aylıq hamilə olan bir qadınla, 2 suriyalı şəxs keçən həftə həyatını itirib. Ölən 3 nəfərdən alınan nümunələr də baxılmaq üçün Ankaraya göndərilib.
Azərbaycanla qonşu dövlətlərdə "donuz qripi" təhlükəsinin olması Azərbaycanı da zəruri addımlar atmağa məcbur edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirirlər ki, Azərbaycanda, hələ ki, "donuz qripi" ilə bağlı hər hansı şübhəli hal qeydə alınmayıb: "Ölkə ərazisində epidemioloji durum daim nəzarət altındadır. Həmçinin nazirliyin tabeliyində olan sanitar-karantin şöbələrində ölkəyə daxil olan əcnəbilərin, habelə Azərbaycan vətəndaşlarının üzərində daimi nəzarət həyata keçirilir".
Respublika Taun Əleyhinə Stansiyadan isə bildirdilər ki, "donuz qripi" virusuna ölkə ərazisində yoluxma halı olmayıb: "Çalışmalıyıq ki, bu virus xaricdən respublikamıza daxil olmasın. Amma bu xəstəliyin əlamətləri yoluxmuş şəxsdə bir sutkadan sonra özünü büruzə verir. Buna görə də əgər virusa yoluxan şəxs ölkə ərazisinə gəlirsə, yalnız bir sutkadan sonra xəstəlik özünü büruzə verəcək. Bu səbəbdən heç kəs zəmanət verə bilməz ki, "donuz qripi" hansısa ölkəyə keçməyəcək. Amma sərhəd-keçid məntəqələrində ölkə ərazisinə gələn hər kəs müayinə olunur. Özü də təkcə "donuz qripi" deyil, digər xəstəliklərlə bağlı da müayinələr aparılır. Çünki insanların daha çox olduğu yerlərdə hava-damcı yolu ilə virusun yayılması riski böyükdür".
Modern.az