“Güney Azərbaycandakı milli hərəkat Səudiyyə Ərəbistanının daxili və xarici siyasətini sevməsə də, İranın çirkin niyyətindən xəbərdardır. İran və ərəb dünyasının gərginliyi Güney Azərbaycan Milli Hərəkatının xeyrinədir”. Bu fikirləri tanınmış güney azərbaycanlı politoloq Arif Kəskin TURKUSTAN.info saytına açıqlamasında bildirib.
Arif Kəskinin sözlərinə görə, ərəblər indi İranı birinci düşmən olaraq görürlər və İranın ərazi bütövlüyünə fərqlı baxmağa başlayıblar:
“Ərəblər bilirlər ki, İran kiçilməzsə, onlar rahat yaşamayacaqlar. Ona görə indi İrandakı millətlərin haqlarını yavaş-yavaş gündəmə gətirirlər. Bu milli hərəkatın xeyrinədir. İrandaki türklərin və ərəblərin münasibətləri də yaxşıdır. İrandakə ərəblərin siyasi fəalları ilə milli hərəkatçıların yaxşı münasibətləri, kiçik də olsa, işbirlikləri var”.
İki ölkə arasında yaranmış gərginliyin köklərindən danışan politoloq hesab edir ki, bu ilk növbədə şiə-fars milliyətçiliyi ilə Sünni-ərəb milliyətçiliyinin toqquşmasıdır:
“Həm İran, həm Ərəbistan – ikisi də radikal dövlət saylırlar. Hər ikisi də bögəmizdəki qanlı hadisələrin səbəbkarları hesab edilirlər. Bu davanın nə dini, nə məzhəbi, nə də insani izahı var. İran-fars milliyətçiliyi ərəb coğrafiyasını atəşə atmaq, ərəb ölkələrinin sabitliyini pozmaq istəyir. Ölkə içində ərəb düşmənçiliyini artırır. Milli hərəkat bu gərginliyi fars milliyyətçiliyinin yaratdığı gərginlik olaraq görür. Çünki, İran-fars milliyyətçiliyi ərəblərə nifrət edir, onları düşmən olaraq görür. İran-fars milliyətçiləri ərəb torpaqlarında qeyri-sabitlik yaratmaqla tarixi intiqamlarını almaq istəyirlər”.
Modern.az