İsmayıllı rayonunun Qalınçaq kənd orta məktəbində 2010-cu ildən əvəzçi müəllim işləyən Gülnarə Əzizova işə götürülməməsi ilə bağlı məktəb direktoru tərəfindən yaranan problemlərlə bağlı Modern.az-a şikayət məktubu göndərib.
Şikayətçinin sözlərinə görə, Gülnarə Əzizova (Musayeva) 2009-cu il Azərbaycan Kooperasiya Universitetinin Riyaziyyat və informatika fakültəsini bitirib. 2010-cu ildən İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbində əvəzçi müəllimə işləməyə başlayıb.
“2010-cu il oktyabrın 1-dən 2011-ci il iyulun 27-dək, həmin il sentyabrın 14-dən 2012-ci il avqustun 26-dək, həmin il sentyabrın 15-dən 2013-cü il iyulun 1-dək, həmin il sentyabrın 16-dan 2014-cü il mayın 31-dək, həmin il sentyabrın 15-dən 2015-ci il mayın 31-dək və 2013-cü il sentyabrın 19-dan 2014-cü il martın 24-dək analıq məzuniyyətində olub. Beləliklə, 5 il tədris ili - 6 il təqvim ili stajı olur.Təhsil Nazirliyinin qərarına əsasən, 5 il stajı olan müəllimlər daimi işə götürülə bilər. Məktəbin direktoru Xalid Seyidov bizə bildirdi ki, Gülnarə Əzizova daha məktəbdə işləyə bilməz. O, bəri müxtəlif bəhanələrlə bizi aldadır. İmtahan vermək üçün elektron ərizə yazdıq və 5 il staj görsətdik.
Bizə belə bir cavab gəldi ki, sizin stajınız 5 il olduğu üçün imtahandan azadsınız, daimi işləyə bilərsiniz. Lakin direktor məktəbdə informatika müəlliminə ehtiyac olduğuna baxmayaraq, öz bildiyini edir. Həyat yoldaşı fizika müəllimi olsa da informatika dərslərini, qızı kitabxanaçı olsa da riyaziyyat, rəsimxət dərslərini deyir. Bizim tələbimiz odur ki, Xalid Seyidov Təhsil Nazirliyinin qərarına əsasən informatika müəlliminə ehtiyacı olduğu üçün Gülnarə Əzizova barədə nazirliyə təqdimat göndərməlidir. Xahiş edirik, bizə köməklik göstərəsiniz”.
Modern.az şikayətçinin məktubunu yaymaqla yanaşı, məktəb direktorundan da münasibət öyrənib. Xalid Seyidov bildirib ki, keçən ilə qədər məktəb direktorlarına və təhsil şöbələrinə müavilə ilə işçi götürməyə imkan verirdilər. Amma indi bu mümkün deyil: “Təhsil Şöbəsinin də artıq müəllimi işə götürmək səlahiyyəti yoxdur.
Yalnız vakant yerlərə Təhsil Nazirliyinin təşkil etdiyi imtahandan keçib bal toplayaraq müsahibə mərhələsindən keçənlər işə qəbul olunurlar. Gülnarə ilə bağlı məsələyə arayış verilib. Bu xanım 5 il sentyabrın 15-dən işə götürülüb, mayın sonunda işdən çıxarılıb. Dövlət qulluğunda çalışanlar və fasiləsiz işləyənlər 5 il işlədikdən sonra müəllim kimi işə götürülə bilərlər. Əks halda sentyabrda işə başlayıb, mayda çıxırsa, məzuniyyətdə olursa, bu fasiləsiz iş rejimi sayılmır”
Hazırda məktəbə riyaziyyat müəllimi üçün Təhsil Nazirliyinin vakant yer verəcəyini deyən məktəb direktoru müəlliməyə imtahan verərək o ştata qəbul olunmasını məsləhət bilib: “Bizim məktəbdə riyaziyyat müəllimliyinə vakant olacaq, özünə də demişəm ki, yaxşı hazırlaşsın, imtahan versin və növbəti ildən müəllim işləsin. Vakant olanda onu işə götürmüşdüm ki, yavaş-yavaş öyrənsin. İnformatika müəlliməsidir, kompüteri təzə-təzə öyrənir”.
Xalid Seyidov ailə üzvləri barədə deyilənlərə də aydınlıq gətirib: “Yoldaşam ümumi-texniki fənləri bitirb, əmək, rəsimxətt, fizika müəlliməsidir və yeganəı kadrdır ki, informatikanı birtirib. Qızım da ali təhsillidir.
Rəsmxətt müəllimidir, istər kitabxanaçı, istər psixoloq olsun, 12 saat dərs demək səlahiyyəti var. Təhsil şöbəsi onların əvəz edilməsi ilə bağlı əmrlər verir. Ümumiyyətlə, bizdə qeyri-ixtisas müəllimlərinə dərs verilmir, dərslər müəllimlərə ixtisas üzrə bölünür”.
Aytən ZƏHRA