Modern.az

Kommunist Partiyası Araz Əlizadəni "ucuz siyasətçi" adlandırdı

Kommunist Partiyası Araz Əlizadəni "ucuz siyasətçi" adlandırdı

5 Yanvar 2016, 12:30

 

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadəni tənqid edib. 

Rauf Qurbanov Araz Əlizadənin  “Azərbaycanda Kommunist Partiyası var ki, bəyanat yaysın?!” deməsinə münasibət bildirərkən bu barədə danışıb.  

AKP sədri Rauf Qurbanov Modern.az-a açıqlamasında deyib ki,  Araz Əlizadədən öncə Milli Məclisdə deputat kimi təmsil olunub.  

Rauf Qurbanov Araz Əlizadə ilə bir neçə dəfə ANS Televiziyasında tele-debatların olduğunu da vurğulayıb.

“Araz Əlizadə Kommunist Partiyasının sədri kimi məni qəbul edib və debatda iştirak edib. Necə yəni deyir ki, Azərbaycanda Kommunist Partiyası var ki?!  

O, Rauf Qurbanovu yaxşı tanıyır. Nədənsə Araz müəllim arada belə sensassiyalı çıxışlar edir. Ya  auditoriyanı, ya da oxucuları  özünə cəlb etmək istəyir. Bu, onun öz işidir. Bu barədə fikir söyləyə bilmərəm. Sadəcə, onu söyləyə bilərəm ki, çox ucuz və siyasətçiyə yaraşmayan mövqedən çıxış edir  Azərbaycanda Kommunist Partiyasının olması barədə Araz müəllim tarixi vərəqləsə yaxşı olar.

Ən azından ötən ilki parlament seçkilərində namizədliyi qeydə alınmışlara  baxsın, görsün Kommunist Partiyası var, yoxsa, yox!  

Hər bir siyasətçiyə, hətta, Araz müəllimə də hörmətlə yanaşıram. Amma, Araz müəllimin bizim partiyaya  bu dərəcədə əsassız basqısı başadüşülən deyil. Yenə deyirəm. Bu siyasətçiyə aid piardısa, heç bir divident gətirməz. AKP beynəlxalq aləmdə respublikanın hüdudlarından kənarda tanınan, xüsusi imzası olan bir partiyadır”.  

Rauf Qurbanov manatın devalvasiyası ilə bağlı yayılan bəyanata da münasibət bildirib.  

“Məlumat üçün bildirim ki, Azərbaycan Kommunist Partiyası adından yayılan bəyanat partiyadan xaric olunmuş bir qrup tərəfindən yayılmış bəyanatdır. AKP manatın devalvasiyası ilə bağlı özünün büro iclasında bunu geniş müzakirə edib.

Amma KİV-də heç bir bəyanat yaymayıb. Ədalət Abdinov adlı bir şəxs tez-tez partiyamızın adından belə  özbaşına informasiyalar yayır. Dəfələrlə bu barədə mövqe bildirməyimə baxmayaraq o öz bildiyini edir”.  

Namidə BİNGÖL

 
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?