Modern.az xəbər verir ki, əməkdar jurnalist Hikmət Xudiyevin müəllifi olduğu "Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarının tarixi (1885-2015)" adlı kitabda yarandığı gündən zamanın sərt sınaqlarından alnıaçıq çıxaraq vətənpərvərlik ruhunu itirməyən, özünün döyüş və qəhrəmanlıq ənənələrini yaşadaraq gələcək nəsillərə ötürən Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarının tarixi geniş, bitkin və müfəssəl şəkildə əks olunub.
Dövlət Tarix Arxivindən, Dövlət Arxivindən, Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivindən, Daxili İşlər Nazirliyinin Arxivindən və bir sıra ədəbiyyat, mətbu orqanlardan əldə olunmuş mənbələr əsasında yazılmış, nəfis şəkildə nəşr olunmuş "Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarının tarixi (1885-2015)" kitabında yarandığı tarixdən 130 il ötdükdən sonra milli ruha köklənmiş, tarixi həqiqətlərə söykənmiş, arxivlərdə “gizlənmiş” bir sıra tarixi gerçəkliklər haqqında "Azərbaycanda yanğından mühafizə sisteminin formalaşması", "1884-1920-ci illərdə yanğin təhlükəsizliyi sahəsində həyata keçirilmiş profilaktik tədbirlər və baş vermiş yanğınlar", "Azərbaycanın yanğından mühafizə sistemi XX əsrin 20-30-cu illərində", "Azərbaycan yanğınsöndürənləri 1941-1945-ci illər Böyük Vətən müharibəsində", "Xəzər dənizi akvatoriyasında neft-qaz sənayesi obyektlərinin yanğından mühafizəsinin gücləndirilməsi - Dəniz dəstəsinin yaradılması", "XX əsrin ikinci yarisinda neft emali müəssisələrinin yanğın təhlükəsizliyinin gücləndirilməsi", "Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarının beynəlxalq əlaqələri və xarici ölkələrdə irimiqyaslı yanğınların söndürülməsində iştirakı", "Azərbaycan Respublikasının yanğından mühafizə sistemi ikinci müstəqillik illərində", "Yanğın təhlükəsizliyi qurumları Fövqəladə Hallar Nazirliyinin tərkibində" və s. fəsillərdə oxucuya ətraflı məlumat verilir.
Müəllif Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarının mürəkkəb, yaddaqalan, həm respublika, həm də bir sıra xarici ölkələrin ictimaiyyətinin diqqət mərkəzində olan, bir əsrdən artıq dövrü əhatə edən maraqlı tarixi zəngin tarixi faktlarla işıqlandırmaqla XIX əsrin sonunda, XX əsrin əvvəllərində çar zülmünün ağrılarını yaşayan, erməni millətçilərinin XX əsrin ilk onilliklərində törətdiyi vəhşiliklərə sinə gərən, 30-cu illərin repressiyalarına məruz qalan, II Dünya müharibəsi illərində alman faşizmi ilə mübarizədə həm arxada, həm ön cəbhədə fədakarlıqlar nümayiş etdirən, müharibədən sonrakı ağır illərdə öz inkişaf tempini nəinki azaltmayan, hətta keçmiş SSRİ kimi nəhəng dövlətdə qaliblər sırasına çıxaraq bu ölkənin yüksək mükafatlarına layiq görülən, SSRİ dağılandan sonra Azərbaycan xalqı tarixi sınaqlara çəkildiyi dövrlərdə - həm qanlı 20 Yanvar hadisələrində, həm Ermənistan tərəfindən cinayətkarcasına törədilmiş müharibənin odlu-alovlu cəbhələrində şəhidlər verərək, öz qəhrəmanlıq ənənələrini ləyaqətlə davam etdirən, Fövqəladə Hallar Nazirliyinin tərkibinə verildikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyan yanğın təhlükəsizliyi sisiteminin qəhrmanlıq səlnaməsini sistemləşdirməyə nail olub.
"Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarının tarixi (1885-2015)" kitabında son on ildə yanğın təhlükəsizliyi qurumlarının inkişafııni əks dolğun məlumatlar verilib.
"Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarının tarixi (1885-2015)" kitabı sovetlər dönəmində tariximizin bu sahəsinin də yazılmasında buraxılan səhvlərə, sovetlər dönəmində mövcud siyasi quruluşun hakim ideologiyasına uyğun gəlmədiyindən bütövlükdə öyrənilməyən bu tarixin bəzi məqamları qələmə alınarkən yol verilmiş bir çox qeyri-obyektivliyə, bu şanlı tarixin neçə-neçə onilliklərinin üzərindən sükutla keçilməsinə, “Azərbaycanda yanğından mühafizə sisteminin əsl tarixi Sovet hakimiyyəti qurulduqdan sonra başlamışdır” kimi əsassız fikirlərə, bolşevik rejimindən əvvəlki 35 ildən artıq bir dövrün inkar edilməsinə, bu xidmətlə bağlı xalqımızın milli dəyərlərə söykənmiş tarixi xidmətlərinin arxa plana çəkilməsinə göstərilən cəhdlərə tutarlı cavabdır.
Əməkdar jurnalist Hikmət Xudiyevin 130 illik tarixi özündə ehtiva edən "Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarının tarixi (1885-2015)" kitabının işıq üzü görməsi yanğınlarda, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərərək həlak olmuş yanğınsöndürənlərimizin, yanğından mühafizə xidmətinin veteranlarının xatirəsinə ehtiramın təzahürüdür, Azərbaycan yanğınsöndürəninin şərəfinə ucaldılmış layiqli mənəvi abidədir.
Modern.az