Rusiyanın Krımı ilhaq etməsini və Ukraynanın şərqinə hərbi müdaxiləni tənqid edən 18 yaşlı rus Vlad Kolesnikov intihar edib. Modern.az xəbər verir ki, isveçrəli jurnalist Kristian Vaysfloq onun ölümcül sayda dərman və alkoqol qəbul edərək özünə qəsd etdiyini bildirib.
Jurnalistin fikrincə, Kolesnikov apardığı mübarizəyə ümidini itirdiyi üçün bu addımı atıb: “18 yaşlı gəncin həyatındakı bütün faciələr 2014-cü ilin yazında başlayıb. Həmin vaxt babası ilə Moskva ətrafındakı Podolsk şəhərində yaşayan 17 yaşlı Vlad Kolesnikov hərbi komissarlığa gələrək qardaş ukraynalılara qarşı vuruşmaq istəmədiyini deyib, telefonunda Ukrayna himnini səsləndirmişdi. Bundan sonra komissarlıqda Kolesnikovun “şəxsiyyət pozğunluğu”ndan əziyyət çəkməsi ilə bağlı rəy verilib. Bir neçə həftə sonra üzərində “Krımı qaytarın” şüarı və Ukrayna bayrağı olan köynəklə məktəbə gələn gənc sinif yoldaşları tərəfindən döyülüb, polisdə dindirildikdən sonra isə məktəbdən qovulub”.
İsveçrəli jurnalistin məlumatına görə, hətta Vladın doğma babası ondan imtina edir. O, düşünüb ki, nəvəsi mormonlarla (xristianlıqda cərəyan – red.) ünsiyyətdən sonra dəyişib və əslində həmin mormonlar Amerika xüsusi xidmət orqanlarının gizli əməkdaşlıdır:
“Nəticədə Vlad Kolesnikov babası evindən atasının yanına – Jiqulovska qayıdır. Böyükləri düşünür ki, şəhərdən uzaqlaşsa, gəncin beyni təmizlənər”.
“Azad Avropa Radiosu”nun əməkdaşı Kristina Biq yeni mühitdə Vlad Kolesnikovun həmyaşdırları tərəfindən döyülməkdə və şiddətə məruz qalmaqda davam etdiyini deyib. Onun sözlərinə görə, yerli polis işçisi də “icazə olsaydı, mən də səni döyərdim” deyərək onu hədələyib.
Kristina Biq Yeni ilin ilk günlərində Vlad Kolesnikovun ona mesaj ataraq intihar etmək niyyətində olduğunu və əgər yaxın 1 həftə ərzində onunla əlaqə saxlamazsa, onu ölmüş bilməsini istəyib. Jurnalisitn sözlərinə görə, bir neçə saatdan sonra Jiqulovsk polisi 18 yaşlı Vlad Kolesnikovun dərman və alkoqol zəhərlənməsindən öldüyünü xəbər verib.
Vüqar İsmayılov