Moskvada fəaliyyət göstərən Azərbaycan diasporunun bəzi rəhbərləri Rusiya Dövlət Dumasında müzakirəyə çıxarılmış "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
Modern.az saytı xəbər verir ki, bu barədə haqqin.az Rusiyadakı mənbələrinə istinadən məlumat yayıb. Sözügedən sənədi dəstəkləyənlər sırasında “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıkovun adı öndə çəkilir.
“Rusiyadakı diasporumuz gözlənilməz addım atmayıb. Tam da gözlədiyimiz addımdır. Adamlar diaspor təşkilatlarını Rusiya vətəndaşları olaraq yaradıblar”.
Modern.az saytı xəbər verir ki, bu sözləri xəbərə münasibət bildirən Azərbaycan Milli Məclisinin üzvü Fazil Mustafa bildirib.
Millət vəkilinin qənaətinə görə, həmin şəxslər indi də öz iqtisadi və siyasi təhlükəsizliyini nəzərə alaraq, Rusiya hakimiyyətinin təklifi və təzyiqi ilə belə bir addıma gediblər:
“Etiraf edək ki, Rusiyada gerçək Azərbaycan diasporunun yaradılmamasının əsas günahkarlarından biri də məhz bizim bu işə səlahiyyətli olan məmurlarımızdır. Oradakı sahibkarlara, az-çox pulu olan azərbaycanlılara pul dağarcığı kimi baxanda təmiz niyyətli kimsə özünü Vətən naminə riskə qoyub Rusiya kimi ölkədə diaspor yükünün altına soxmaz.
Bu insanlara vaxtında sahib çıxılmalı, Rusiyanın siyasi və iqtisadi elitasında irəliləməsinə planlı dəstək vermək lazım idi ki, Rusiya hakimiyyəti Söyün Sadıqov, İlqar Hacıyev kimilərdən Azərbaycan maraqlarına zidd istifadə etməsin. Baxarsınız, bir gün həmin adamlar Narışkinə (Rusiya Dövlət Dumasının sədri-red.) rus ordusunun Azərbaycana yeridilməsi ilə bağlı da müraciət də edəcəklər. Keçmiş MTN-çi Akif Çovdarov Rusiyadan Azərbaycandakı evinə baş çəkməyə gələn iş adamlarına bu dövlət qurumunda işgəncə verəndə və pullarını soyanda maraqlı bir ritorik suallar verirmiş:
"Sən kimsən ki, öz kəndinin yollarını asfaltlatmısan?". Yaxud da: "Sizin ana-bacınızı biz qoruyuruq, niyə vaxtında gətirib bizim pulumuzu vermirsiniz?".
İndi təsevvür edin ki, başqa bir sual da verə bilərdi: "Sən kimsən ki, diaspor işinə burnunu soxursan?".
Bu ritorik sualları təəssüf ki, təkcə Akif Çovdarov vermirdi, vəzifə səlahiyyəti çatanların əksəriyyəti verirdi. Bütün bunlardan sonra öz ölkəsinə gəlməyə peşman olan adam hansı duyğularla öz ölkəsi üçün yad diyarda fədakarlıq edə bilərdi?
İndi Rusiyada "erməni soyqırımı" ideyasını dəstəkləyən Azərbaycan diasporunun mövcudluğunun səbəbini az-çox anlamış olduq.
Əslində mən bu məsələyə o qədər də faciəli yanaşmıram. Onsuz da son bir ildə Rusiyada rəsmi səviyyədə alınan axmaq qərarların sayı kifayət qədərdir, bu da olsun onlardan biri. Tək azərbaycanlılar deyil ki, çeçen kimi xarakterli millətin üzdəniraq təmsilçilərinə də türkləri, müsəlmanları, hətta öz çeçen qardaşlarını söydürə bilirlər. Əsas odur ki, heç olmazsa bu hadisədən nəticə çıxarıb Rusiyada Azərbaycan dövləti və hakimiyyət orqanları ilə əlaqəli çalışan gerçək diaspor təşkilatını formalaşdırmağı bir daha düşünüb gerçəkləşdirək”.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatları Sergey Mironov və Nikolay Leviçev tərəfindən “Rusiya Federasiyası Cinayət Məcəlləsinə və Cinayət Prossesual Məcəllənin 151-ci maddəsinə dəyişkiklərin edilməsi haqqında” 938567-6 saylı qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsi “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutur.
Bir müddət öncə həmin "sənəd" üzə çıxarılanda Rusiyanın Nijni Novqorod şəhərindəki Azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri, Rusiya Xaqlar Assambleyası regional şöbəsinin üzvü, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov Azərbaycanın müvafiq təşkilatlarını, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsini bu işi ciddiyə almağa, önləyici tədbirlər görməyə çağırmışdı.
O zaman V.Abbasovun rəhbərliyilə azərbaycanlıların təmsil olunduğu bəzi diaspor təçkilatları tərəfindən sözügedən qanun layihəsilə əlaqədar Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edilmişdi ki, həmin "sənəd"ə baxılmasın.
Görünən odur ki, Azərbaycan diasporu vahid mövqedən çıxış edə bilməyiblər.
Modern.az