Respublikanın daxili işlər orqanları yeni ilin ilk günlərində daha bir əməliyyat tədbiri həyata keçirib və nəticədə külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının yanvarın 6-da həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan, əvvəllər 6 dəfə məhkum olunmuş, "Baron Şəmi" ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı ona məxsus evin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az